Fransada polisin aksiyalarda şagirdlərə qarşı səs qumbaralarından istifadəsi qadağan edilib

Baş səhifə

Bakı.Trend:

Fransada etiraz aksiyaları zamanı asayiş keşikçiləri tərəfindən
səs qumbaralarından istifadə edilməsi qadağan edilib.

Fransanın RTL-in məlumatına görə, bu barədə Fransanın DİN
rəhbəri Loran Nunyes göstəriş verib.

“Dünəndən etibarən tələb etmişəm ki, bu qumbaralardan lisey
şagirdlərinin etiraz aksiyalarında bir daha istifadə olunmasın”, –
deyə daxili işlər naziri RTL radiosunun efirində bildirib.




Qeyd edək ki, oktyabrın 5-də respublikanın şimalındakı
Pa-de-Kale departamentinin Lans şəhərində Ogüst Beal adına liseyin
qarşısında baş verən səs qumbarası partlayışı nəticəsində 15 yaşlı
lisey şagirdinin sol əlinin biləkdən aşağı hissəsi qopub.

Yuxarı sinif şagirdlərinin etiraz aksiyaları sentyabrın 17-də
paytaxt regionu İle-de-Fransda başlayıb və sonradan ölkəyə yayılıb.
Aksiya iştirakçıları həddindən artıq yüklənmiş dərs cədvəlinə,
müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə
etiraz edirlər.

Bəzi yerlərdə aksiyalar iğtişaşlara və polislə toqquşmalara
çevrilib. Etirazların radikallaşması fonunda milli təhsil naziri
Eduar Jefre bəzi təhsil müəssisələrində dərslərin distant formata
keçirildiyini açıqlayıb.