FHN havaların soyuması ilə əlaqədar əhaliyə müraciət edib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) havaların soyuması ilə əlaqədar
əhaliyə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına əməl
olunmasının vacibliyini xatırladıb.

FHN-dən verilən məlumata görə, havaların soyuması elektrik və
qazla işləyən qızdırıcı cihazlara tələbatı artırır. Elektrik və qaz
təsərrüfatındakı nasazlıqlar, qeyri-standart və kustar üsulla
hazırlanmış qızdırıcılardan istifadə, elektrik şəbəkəsinin
həddindən artıq yüklənməsi, ehtiyatsızlıq və nəzarətsizlik yanğın
və ya partlayışa səbəb ola bilər.

Nazirlik bildirib ki, aparılan maarifləndirmə işlərinə
baxmayaraq, bəzi vətəndaşların, fiziki və hüquqi şəxslərin
təhlükəsizlik qaydalarına laqeyd yanaşması insan itkisi, əmlaka və
infrastruktura ziyan dəyməsi ilə nəticələnir.

Müraciətdə nasaz və standartlara uyğun olmayan elektrik və qaz
cihazlarından istifadə edilməməsi, elektrik və qaz təsərrüfatının
daim saz vəziyyətdə saxlanılması, şəbəkələrin quraşdırılması və
təmirinin yalnız mütəxəssislərə həvalə olunması tövsiyə edilib.
Elektrik xətləri və uzadıcıların zədələnməməsinə, həddindən artıq
yüklənməməsinə diqqət yetirilməlidir.

FHN telefon, kompüter və elektrikli skuterlərin mənzil
daxilində, xüsusən gecə saatlarında enerji yığmaq üçün nəzarətsiz
halda şəbəkəyə qoşulu saxlanılmamasını vurğulayıb. Çoxmənzilli
binaların yeraltı avtodayanacaqlarında və digər qapalı ərazilərdə
təsdiq edilmiş texniki şərt olmadan elektromobillər üçün elektrik
doldurma qurğularının quraşdırılmasına yol verilməməlidir. Tikinti
norma və qaydalarına uyğun quraşdırılmış doldurma qurğuları da
istifadə zamanı nəzarətsiz saxlanılmamalıdır.




Elektrik və qaz cihazlarından uşaqların istifadəsinə yol
verilməməli, həmin cihazlar daim nəzarətdə saxlanılmalıdır.
Mənzillərdə, eyvanlarda və pilləkən qəfəslərində tezalışan yanar
maddələr saxlanılmamalı, mənzili tərk edərkən elektrik və qaz
cihazları işlək vəziyyətdə qoyulmamalıdır.

Nazirlik xəbərdarlıq edib ki, mənzilə daxil olarkən qaz
sızmasının olmadığına əmin olmadan işıq yandırmaq, elektrik və qaz
cihazlarını işə salmaq, açıq oddan istifadə etmək olmaz. Qaz iyi
hiss edildikdə dərhal qapı-pəncərələr açılmalı, mənzilə qazın
girişi bağlanılmalı və mütəxəssis çağırılmalıdır. Tam söndürülməmiş
kibrit çöpü və siqaret kötüyü zibil qutusuna və ya eyvandan
atılmamalıdır.

Müraciətdə yanğın zamanı davranış qaydaları da açıqlanıb. Ağız
və burnu nəm parça ilə tutaraq əyilmiş vəziyyətdə və ya sürünərək
hərəkət etmək, digər otaqdan gələn tüstüdən qorunmaq üçün qapı
ətrafındakı boşluqları nəm əski ilə bağlamaq tövsiyə olunub.
Yanğının şiddətlənməməsi üçün qapı və pəncərələr bağlanılmalı,
mənzili tərk etmək mümkün olmadıqda eyvanda və ya pəncərənin
yanında yanğınsöndürənlər gözlənilməlidir. Binanı tərk edərkən
liftdən istifadə edilməməlidir.

FHN-in məlumatına görə, çoxmərtəbəli binaların elektrik
şaxtasında, mənzillərində və digər sahələrində yanğın baş verdikdə
digər mənzillərin sakinləri xilasedicilər gələnədək mənzili tərk
etməməli, giriş qapısının ətrafını nəm parça ilə bağlayaraq
tüstüdən qorunmalıdırlar.

Nazirlik təhlükə zamanı 112 qaynar xəttinə zəng edilməsini
xatırladıb.