
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva yanvarın 29-da İsveçrənin Qland
şəhərində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş
direktoru Qretel Agilar ilə görüş keçirib.
Trend xəbər verir
ki, görüşdə Azərbaycan və regionda ətraf mühitin mühafizəsi
sahəsində mövcud çağırışlar fonunda beynəlxalq əməkdaşlığın rolu,
qlobal və regional səviyyədə əlaqələndirilmiş yanaşmaların
əhəmiyyəti, habelə bu istiqamətdə dialoqun möhkəmləndirilməsinin
perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, 2014-cü ildən etibarən IUCN-in tamhüquqlu üzvü
olan IDEA İctimai Birliyi təbiətin mühafizəsi və biomüxtəlifliyin
qorunması istiqamətində beynəlxalq təşəbbüslərdə fəal iştirak edir
və bu sahədə əməkdaşlığın genişləndirilməsinə töhfə verir. IUCN-in
ötən il Əbu-Dabidə keçirilən Ümumdünya Mühafizə Konqresində təqdim
olunmuş birgə pavilyon və bir sıra digər layihələrə toxunan görüş
iştirakçıları qazanılan müsbət təcrübəni qeyd edərək, qarşılıqlı
əməkdaşlığın uğurla davam edəcəyinə inandıqlarını ifadə
ediblər.
Həmçinin görüş çərçivəsində Azərbaycanda IUCN ilə
yüksəksəviyyəli regional dialoqun təşkili, beynəlxalq tədbirlər
çərçivəsində birgə iştirak, o cümlədən Dünya Şəhərsalma Forumu
(WUF13), Ümumdünya Ətraf Mühit Günü və COP31 çərçivəsində
əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşün yekununda IUCN-in Azərbaycanda ölkə ofisinin açılması
istiqamətində fəaliyyətlərin, eləcə də əməkdaşlıq əlaqələrinin daha
da genişləndirilməsini nəzərdə tutan Niyyət Bəyannaməsi
imzalanıb.
Tərəflər aparılan müzakirələri IDEA İctimai Birliyi ilə IUCN
arasında uzunmüddətli və çoxtərəfli əməkdaşlığın inkişafı
baxımından mühüm addım kimi dəyərləndiriblər.
Qeyd edək ki, 1948-ci ildən etibarən fəaliyyət göstərən IUCN
ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, eləcə də
dayanıqlı inkişaf sahəsində dünyanın aparıcı beynəlxalq
təşkilatlarından biridir. IUCN 1964-cü ildə nəsli kəsilmək
təhlükəsi altında olan canlı və bitki növlərinin vəziyyətini əks
etdirən Qırmızı Kitabı yaradaraq qlobal səviyyədə ekoloji
qiymətləndirmə və qərarvermə proseslərinə mühüm töhfə verib.

