
Bakı. Trend:
Almaniyanın Düsseldorf şəhərində Azərbaycanın 44 günlük Vətən
müharibəsində əldə etdiyi şanlı Zəfərin 5 illiyi münasibətilə
“Zəfərin nəğmələri” adlı konsert keçirilib.
Trend
xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.
Bildirilib ki, konsert Azərbaycan Respublikasının Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi, azərbaycanlı pianoçu, bəstəkar
Səbinə Məmmədovanın rəhbərliyi altında Düsseldorfda fəaliyyət
göstərən “Mugam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin və Almaniyada
yaşayan həmyerlimiz, müğənni, bəstəkar Seyran İsmayılxanovun birgə
təşkilatçılığı ilə baş tutub. Tədbirdə Almaniyanın müxtəlif
şəhərlərindən 200-dən çox tamaşaçı iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,
ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman
şəhidlərimizin əziz xatirəsi yad olunub.
Konsert Səbinə Məmmədovanın pianoda bəstəkar Vaqif
Mustafazadənin “Bayatı-Şiraz” əsərini səsləndirməsi ilə başlayıb.
Köln Musiqi Akademiyasının vokal müəllimi Seyran İsmayılxanovun öz
alman tələbələri ilə birgə Azərbaycan xalq mahnılarını həm
azərbaycanca, həm də almanca ifa etməsi alqışlarla qarşılanıb.
Əməkdar artist Sahib Paşazadənin milli musiqi alətimiz olan tarda
ifa etdiyi əsərlər izləyicilərdə nostalji hisslər oyadıb. Konsertdə
dahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunan musiqi
nümunələri də səsləndirilib.
Konsertdə, həmçinin Düsseldorf Opera Teatrının solisti Mara
Hüseynova Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib.
Azərbaycanlı müğənni Vüsalə Cabir isə muğam və xalq mahnıları ilə
gecəyə xüsusi rəng qatıb.

