Çin alimləri əllər üçün passiv robot ekzoskelet təqdim ediblər

Baş səhifə

Bakı. Trend:

Çin alimləri ilk dəfə olaraq əllər üçün nəzərdə tutulmuş passiv
robot ekzoskeletləri təqdim ediblər. Bu unikal cihazlar ağır fiziki
işlərin yerinə yetirilməsini xeyli asanlaşdırır.

Trend xəbər verir
ki, bu barədə “Global Times” məlumat yayıb.

Yeni ekzoskelet maqnitoreoloji hərəkət sistemi əsasında işləyir,
tutma zamanı dəstək təmin edir və biləyin dözümlülüyünü əhəmiyyətli
dərəcədə artırır. İxtira Çin Elmlər və Texnologiya Universitetinin
(USTC) professoru Sun Şuayşuayın rəhbərlik etdiyi tədqiqat qrupu
tərəfindən hazırlanıb.




Professorun sözlərinə görə, növbəti mərhələdə ekzoskeletin insan
niyyətini tanıma texnologiyası ilə təkmilləşdirilməsi
planlaşdırılır. Bu halda cihaz istifadəçinin konkret tapşırıqlarına
uyğun dəstək qüvvəsi təmin edəcək. Həmçinin karkasın çəkisini
azaltmaq və dözümlülüyünü artırmaq üçün kompozit materiallar və 3D
çap texnologiyasından istifadə nəzərdə tutulur.

Passiv ekzoskeletin müəllifləri qeyd edirlər ki, cihaz 200
kiloqramdan çox ağırlığa malik daş lövhələri asanlıqla qaldırmağa
imkan verir. Bu isə onun fövqəladə hallarda – məsələn, zəlzələdən
sonra dağıntıların təmizlənməsi və yaralıların təxliyəsi
əməliyyatlarında istifadəsi üçün böyük perspektivlər açır.

Passiv ekzoskeletlər enerji mənbəyinə ehtiyac olmadan, əks
çəkilər və rıçaqlar hesabına işləyir.