Ceyhun Bayramov kambocalı həmkarı ilə ikitərəfli və regional əməkdaşlığı nəzərdən keçirib

Baş səhifə

Bakı. Trend:

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində xarici
işlər naziri Ceyhun Bayramov Kamboca Krallığının Baş nazirinin
müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Prak Soxon
ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki
səhifəsində məlumat verilib.

Nazirlər ikitərəfli münasibətlərin inkişafını nəzərdən
keçirərək, yüksəksəviyyəli siyasi dialoqun genişləndirilməsi,
parlamentlərarası əlaqələrin gücləndirilməsi və beynəlxalq
platformalar, xüsusilə Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və Cənub-Şərqi
Asiya Dövlətləri Assosiasiyası çərçivəsində qarşılıqlı dəstəyin
dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Nazir P.Soxon qarşıdan gələn AQEM Sammitinə ev sahibliyi
etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib və tədbirin
təşkilində tam uğurlar arzulayıb. Nazirlər, həmçinin minalardan
təmizləmə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Onlar
regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi
apararaq davamlı koordinasiya və dialoqun əhəmiyyətini qeyd
ediblər.