
Bakı. Trend:
PASHA Bank Azərbaycanda bərpa olunan enerji sahəsində əlavə
layihələri nəzərdən keçirir.
Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bu barədə cümə günü Bakıda
keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda PASHA
Bank-ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev deyib.
“Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerjinin payının
artırılması ilə bağlı öhdəliklər götürüb. Biz böyük həcmdə
investisiyaların cəlb olunmasının şahidi oluruq. Azərbaycanda artıq
Masdar və ACWA Power kimi tanınmış beynəlxalq şirkətlər fəaliyyət
göstərir və ölkədə böyük layihələr həyata keçirirlər”, – deyə o
bildirib.
B.Nağıyev vurğulayıb ki, Azərbaycan enerji şirkətləri də daxil
olmaqla yerli şirkətlər yerli tərəfdaşlarla, o cümlədən banklarla
birlikdə bu layihələrdə fəal iştirak edirlər.
“Biz də Naxçıvanda bu cür layihələrdən birini maliyyələşdirmişik
və ölkənin digər bölgələrində əlavə layihələri nəzərdən keçiririk.
Beynəlxalq iştirakçılar bərpa olunan enerji layihələrinin
maliyyələşdirilməsində iştirak edə bilərlər, çünki belə layihələr
daha uzunmüddətli maliyyələşdirmə və daha əlverişli şərtlər tələb
edir. Məhz burada beynəlxalq iştirakçılar prosesə qoşula bilərlər,
çünki onların bərpa olunan enerji sahəsində daha böyük təcrübəsi
var”, – B.Nağıyev bildirib.
O, həmçinin beynəlxalq inkişaf bankları ilə əməkdaşlıq
potensialını qeyd edib: “Düşünürəm ki, inkişaf bankları ilə
birlikdə daha böyük işlər görə bilərik. Avropa Yenidənqurma və
İnkişaf Bankı (AYİB) Azərbaycana 870 milyon avro investisiya qoyub,
lakin investisiyaların maliyyə sektorunun payına düşən hissəsi 7
faiz təşkil edir ki, bu da korporativ sektorla əməkdaşlığın
genişləndirilməsi üçün əhəmiyyətli imkanların olduğunu
göstərir”.

