
Bakı. Trend:
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradılıb.
Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu Suriyanın iqtisadiyyat
və sənaye naziri Məhəmməd Nidal əl-Şaar cümə günü Bakıda keçirilən
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
O, Suriyanın digər ölkələrlə biznes əlaqələrinin bərpası
istiqamətində konkret addımlar atdığını qeyd edib.
“Cəmi bir həftə əvvəl Özbəkistanda idim. Dostum Əzizlə birlikdə
Birgə Biznes Şuraları adlandırdığımız strukturların yaradılmasına
başladıq. Bu gün isə dostum Mikayıl (Mikayıl Cabbarov – red) ilə
birlikdə Suriya-Azərbaycan Birgə Biznes Şurasının yaradılmasını
elan edirik”, – deyə nazir bildirib.
Nazirin sözlərinə görə, son illərdə dünyada iqtisadi və
geosiyasi proseslərin dəyişməsi qlobal iqtisadi sistemin yenidən
formalaşmasına səbəb olub.
“Bu gün bütün qlobal iqtisadiyyatın yenidən qurulduğunu görürük.
Bu proses istehsaldan başlayaraq ticarət marşrutlarına, enerjiyə və
marketinqə qədər bütün sahələri əhatə edir. Qloballaşma da əvvəl
bildiyimiz formada deyil, seçici qloballaşmaya çevrilir”, – deyə o
bildirib.
O qeyd edib ki, hazırda iqtisadiyyatda dayanıqlılıq səmərəlilik
qədər, hətta bəzi hallarda ondan daha vacib amilə çevrilir.
“Əvvəllər əsas diqqət ucuzluğa və ‘vaxtında çatdırılma’
prinsipinə yönəlirdisə, indi gözlənilməz vəziyyət baş verdikdə nə
edəcəyiniz sualı da ön plana çıxır. Buna görə də dayanıqlılıq çox
mühüm anlayışa çevrilib”, – nazir vurğulayıb.
Məhəmməd Nidal əl-Şaar bütün bu proseslərin süni intellektin
sürətli inkişafı ilə daha da sürətləndiyini bildirib.
Nazir Suriyanın qarşısında duran əsas vəzifələrdən birinin dünya
ilə iqtisadi əlaqələrin bərpası olduğunu deyib.
“15 il ərzində məhdud maliyyə imkanları ilə ciddi çətinliklərlə
üzləşən Suriya bu maneələri aşmalıdır. İlk növbədə dünya ilə
əlaqələrimizi bərpa etməli, yenidən əməkdaşlığa başlamalı, eyni
zamanda ölkəmizi yenidən qurmalı və dünyada mövcudluğumuzu
gücləndirməliyik”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Suriya hazırda özünü fərqli iqtisadi sistem
üzərində qurur və xarici investisiyaların cəlb edilməsinə şərait
yaradır.
“Bu gün Suriya tamamilə fərqli ölkədir. Biz sülhə, dostluğa və
açıqlığa əsaslanan ölkəyik. Azad bazar iqtisadiyyatına keçmişik və
artıq özümüzü sosialist ölkə kimi təqdim etmirik. Bütün mənzərə
dəyişib”, – nazir bildirib.
Məhəmməd Nidal əl-Şaar qeyd edib ki, ölkənin qanunvericiliyi də
investorların cəlb edilməsinə uyğunlaşdırılır.
“Ölkəmiz açıqdır və bu gün heç bir maneə yaratmırıq.
Qanunvericiliyimizi yeniləyirik. Bu, bütün investorlar üçün çox
vacibdir. Əvvəllər qanunvericiliyimiz müəyyən dar maraqlara uyğun
hazırlanırdısa, bu gün məqsədimiz iqtisadiyyatımızı açmaq və
investorları qəbul etməkdir”, – deyə o əlavə edib.
Nazir bildirib ki, Suriya yalnız maliyyə vəsaiti deyil,
uzunmüddətli və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq
axtarır.
“Biz sadəcə kapital axtarmırıq. Ağıllı və daha keyfiyyətli
kapital, tərəfdaşlıq axtarırıq. Yardım istəmirik. Bizimlə
tərəfdaşlıq etmək istəyən investorları axtarırıq. Həmçinin son 15
ildə itirdiyimiz texnologiya transferini bərpa etmək istəyirik”, –
deyə nazir vurğulayıb.
O, investorların ölkəyə gələrək özləri üçün ən uyğun sahələri
seçmələrini təklif edib.
“Biz investorlara deyirik: gəlin və ən yaxşı bacardığınız işi
görün. Biz sizə ehtiyaclarımızın siyahısını təqdim etməyəcəyik.
Ehtiyaclarımız məlumdur. Siz gəlin, özünüzə uyğun olan və uğur
qazana biləcəyiniz sahəni seçin və bizim tərəfdaşımız olun”, –
Məhəmməd Nidal əl-Şaar bildirib.
Nazirin sözlərinə görə, bu yanaşma ənənəvi xarici birbaşa
investisiya cəlbetmə modelindən fərqlənir.
Məhəmməd Nidal əl-Şaar vurğulayıb ki, Suriya son onilliklər
ərzində itirdiyi beynəlxalq iqtisadi əlaqələri bərpa etməyə çalışır
və bu proses ölkənin yenidən qurulması ilə paralel aparılacaq.

