
Bakı.Trend:
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) tədricən
müntəzəm birbaşa beynəlxalq yükdaşımaların mühüm istiqamətinə
çevrilib.
Trend-in müxbiri xəbər verir ki, bunu cümə günü Bakıda
keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Çin Xalq
Respublikasının Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi
məsələlər üzrə müşaviri Yuy Hunçi deyib.
Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu üzrə keçən Çin-Avropa sürətli dəmir yolu daşımalarının
cənub marşrutu dinamik şəkildə inkişaf edir və hazırda qatarların
gündəlik hərəkəti təmin olunub.
Yuy Hunçi qeyd edib ki, 2021-ci ildə 436 qatar yola
salınıb ki, bu da əvvəlki illə müqayisədə 20 dəfə çoxdur.
“Bu ilin iyunun 15-nə olan məlumata görə, 740-dan çox
qatar yola salınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78 faiz
çoxdur. Eyni zamanda, göstərici sutkada iki qatarı ötür”, – deyə o
bildirib.
Onun sözlərinə görə, hazırda Xəzər dənizi üzərindən
daşımalar həm Qazaxıstanın Aktau və Kurık limanları vasitəsilə, həm
də Türkmənbaşı limanından fəal istifadə edilməklə həyata keçirilə
bilər.
“Eyni zamanda, Çin – Qırğızıstan – Özbəkistan –
Türkmənistan marşrutu üzrə beynəlxalq avtomobil və multimodal
daşımalar da daxil olmaqla, yeni nəqliyyat arteriyalarının
yaradılması üzərində iş aparılır”, – deyə Yuy Hunçi bildirib.
O qeyd edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutu tədricən müntəzəm birbaşa beynəlxalq yükdaşımaların mühüm
istiqamətinə çevrilib.
“Məsafənin bu cür inkişafı Çin və bu marşrut boyunca yerləşən
ölkələr arasında əməkdaşlığın ardıcıl şəkildə inkişaf
etdirilməsinin nəticəsidir”, – deyə müşavir bildirib.
Onun sözlərinə görə, Çin artıq Qazaxıstan, Azərbaycan
və Gürcüstanla müvafiq sənədlər, o cümlədən Çin-Avropa sürətli
daşımaları çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun
inkişafı üzrə əməkdaşlığa dair sənədlər imzalayıb.

