Böyük Britaniya ABŞ-dan dizel ixracına məhdudiyyət tətbiq etməməyi xahiş edib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya hökuməti ABŞ-ın dizel yanacağının ixracına
mümkün məhdudiyyətlər tətbiq etməsi halında ölkənin bu tədbirlərdən
istisna edilməsinə nail olmaq üçün Vaşinqtonla məxfi danışıqlar
aparır.

Bu barədə Bloomberg məsələ ilə bağlı məlumatlı mənbəyə istinadən
xəbər verib.

Mənbənin bildirdiyinə görə, Baş nazir Endi Börnhəmin kabinetinin
nümayəndələri son günlər ABŞ rəsmiləri ilə bu məsələni müzakirə
ediblər.

Agentliyin məlumatına əsasən, mümkün ixrac məhdudiyyətləri
Londonu ciddi şəkildə narahat edir. Bunun əsas səbəbi Böyük
Britaniyanın ABŞ dizel yanacağının əsas idxalçıları arasında yer
almasıdır. Dizeldən yük avtomobillərində, kənd təsərrüfatı
texnikasında və bəzi minik avtomobillərində istifadə olunur.




Avtomobil təşkilatı RAC-ın məlumatına görə, sentyabrın 28-də
Böyük Britaniyada dizelin bir litrinin orta qiyməti rekord həddə
yüksələrək 199,18 pensə çatıb. Bu, 1,99 funt sterlinq və ya 2,64
dollara bərabərdir. Britaniyanın maliyyə naziri Con Hili yanacağın
bahalaşmasının əhali və biznes üçün təzyiqi artırdığını bildirib.
O, Londonun Vaşinqtonla, o cümlədən ticarət məsələləri üzrə
müntəzəm təmaslar saxladığını təsdiqləyib.

ABŞ Prezidenti Donald Trampın administrasiyası dizel yanacağının
ixracına qısamüddətli qadağa tətbiq edilməsinin mümkün nəticələrini
qiymətləndirir. Tramp sentyabrın 27-də bu məsələ ilə bağlı sualı
cavablandırarkən məhdudiyyətlərin tətbiqini “çox ciddi şəkildə”
nəzərdən keçirdiyini deyib.

Ağ Ev noyabr ayında keçiriləcək Konqresə aralıq seçkiləri
ərəfəsində ölkədə yanacaq qiymətlərini nəzarətdə saxlamağa
çalışır.