
Bakı. Trend:
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada “Harmoniya” sənədli
filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
iştirak edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin
Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə
ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri
Arzu Əliyevadır.
Mərasimdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs
Taxt-Tacın dövlət rəsmiləri, diplomatik korpusun və dini icmaların
təmsilçiləri, din xadimləri iştirak ediblər.
Tədbirdən əvvəl Azərbaycanın zəngin dini-mədəni irsini və
multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş
olunub.
Təqdimatda çıxış edən Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri
İlqar Muxtarov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə
təşəkkürünü bildirərək deyib: “Harmoniya” sənədli filmi bizi
müxtəlifliyin dünyagörüşümüzü necə zənginləşdirə və insanları
bir-birinə necə yaxınlaşdıra biləcəyi haqqında düşünməyə dəvət
edir. Bu gün təqdim olunan film eyni Vətəni – Azərbaycanı paylaşan
müxtəlif dini ənənələrə mənsub üç gənc qadının hekayəsindən bəhs
edir. Film onların gündəlik həyatı vasitəsilə sadə, lakin dərin bir
mesaj ötürür: Dini fərqliliklər insanlar arasında məsafə
yaratmamalıdır”.
İslamın, xristianlığın və yəhudiliyin ölkəmizdə dərin köklərə
malik olduğunu diqqətə çatdıran səfir deyib: “Məscidlər, kilsələr
və çoxsaylı sinaqoqlar yalnız bu müxtəlifliyin abidələri deyil.
Onlar birgəyaşayışın canlı ənənəsinin bir hissəsidir. Bu tarixi
ənənə dini azadlığa hörmət, mədəni və dini irsin qorunması,
həmçinin dinlərarası dialoqun dəstəklənməsinə əsaslanan ardıcıl
dövlət siyasəti vasitəsilə qorunub saxlanılıb və
möhkəmləndirilib”.
Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının
İslam işləri üzrə bürosunun rəhbəri Ata Loran Basanez Müqəddəs
Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti
kardinal Corc Ceykob Kuvakadın müraciətini qonaqlara oxuyub.
Müraciətdə kardinal “Harmoniya” sənədli filminin multikulturalizm
və qarşılıqlı hörmətlə səciyyələnən kontekst daxilində Azərbaycanda
müxtəlif dini ənənələrin nümayəndələri arasında birgəyaşayış
təcrübəsini təqdim etdiyini bildirir. Qeyd olunub ki, filmin elə
adı da bizə vacib bir məqamı xatırladır: “harmoniya
fərqliliklərimizi silməyi tələb etmir, əksinə, o, bizi bu
fərqlilikləri hörmət, dialoq və qardaşlıq ruhunda yaşamağı
öyrənməyə səsləyir”.
Müraciətdə, həmçinin deyilir: “Dinlərarası dialoq yalnız
bəyanatlar və ya rəsmi görüşlər səviyyəsində qala bilməz. O, eyni
zamanda, münasibətlərdə, təhsildə, mədəniyyətdə və müxtəlif
inanclara mənsub insanların yan-yana yaşamaq tərzində əksini tapır.
İncəsənət və kino bu baxımdan xüsusi töhfə verə bilər. Onlar
birgəyaşayış haqqında nitqlərdən kənara çıxmağa, dini kimlikləri
bir-biri ilə görüşməyə, hörmət etməyə və cəmiyyətə birgə töhfə
verməyə mane olmayan insanların üzlərini görməyə, səslərini
eşitməyə və konkret təcrübələrini kəşf etməyə imkan yaradır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov
qeyd edib ki, əsrlər boyu Şərqlə Qərbin qovşağında yerləşən
Azərbaycan xalqı multikulturalizm, qarşılıqlı hörmət və dinc yanaşı
yaşamaq mədəniyyətini təbii olaraq formalaşdırmış və bunu
nəsildən-nəslə ötürmüşdür. O, bu gün Azərbaycanın hər yerində
müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və
əmin-amanlıq şəraitində yaşayıb-yaratdığını bildirib.
Komitə sədri “Harmoniya” sənədli filminin Azərbaycan torpağından
bütün bəşəriyyətə göndərilən mühüm mənəvi mesaj olduğunu
vurğulayaraq deyib: “Ölkəmizin müxtəlif müqəddəs ziyarətgahlarında
və bölgələrində çəkilmiş film müxtəlif dinlərə mənsub üç qadının
gündəlik həyatı, ailə dəyərləri və sarsılmaz dostluğu vasitəsilə
Azərbaycanın həqiqi reallığını əks etdirir”.
Qeyd edək ki, ekran əsəri beynəlxalq festivallarda və müxtəlif
kino platformalarında da təqdim olunur.
Sonra “Harmoniya” filmi nümayiş etdirilib.

