Azərbaycanın məktəbəqədər təhsil üzrə nailiyyətləri UNESCO-nun hesabatında işıqlandırılıb

Baş səhifə

Bakı. Trend:

UNESCO-nun mənzil-qərargahında yüksəksəviyyəli təqdimatı
keçirilən 2026-cı il Qlobal Təhsil Monitorinqi Hesabatı “2030-a
gerisayım” adlı üçhissəli seriyanın ilk buraxılışı olaraq təhsildə
əlçatanlıq və bərabərlik mövzusuna həsr edilib.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, hesabatın məqsədi
ölkələrin təhsil sahəsində irəliləyişini xüsusilə əlçatanlıq və
bərabərlik baxımından qiymətləndirmək, bu nəticələrə təsir göstərən
əsas amilləri təhlil etmək və 2030-cu ildən sonrakı təhsil
gündəliyi üzrə müzakirələrə töhfə verməkdir.

Bildirilib ki, bu çərçivədə, hesabat son 25 il ərzində
məktəbəqədər, ibtidai, orta və ali təhsil səviyyələri üzrə
əlçatanlıq və bərabərlik göstəricilərini əhatə edir. Hesabatda,
eyni zamanda, qeyd olunan istiqamətlər üzrə ölkə nümunələri
əsasında əldə olunan nəticələr daha geniş tədqiqatlarla
əlaqələndirilir.




Bu kontekstdə, Azərbaycanın məktəbəqədər təhsil sahəsində əldə
etdiyi nailiyyətlər nümunəvi ölkə təcrübələri sırasında yer alır.
Hesabatda qeyd olunur ki, Azərbaycan Respublikası cəmi 5 il ərzində
məktəbəhazırlıq qrupları ilə əhatə olunan 5 yaşlı uşaqların
göstəricisini 25 faizdən 92 faizə yüksəltməklə dünya miqyasında
nümunəvi nəticə nümayiş etdirib. Hesabatda, həmçinin ölkəmizdə
həyata keçirilən qanunvericilik islahatları, müəllim hazırlığı və
məzmun sahələrində görülən işlər xüsusi vurğulanıb.
Xatırladaq ki, təqdimat mərasimində 30-dan çox ölkənin təhsil
nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və təhsil üzrə
ekspertlər iştirak ediblər.

UNESCO-nun Qlobal Təhsil Monitorinqi Hesabatı ilə aşağıdakı
keçid vasitəsilə tanış olmaq mümkündür:
https://unesdoc.unesco.org/ark:/48223/pf0000397618/PDF/397618eng.pdf.multi.nameddest=p83