Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) BMT-nin Məcburi
Yoxaçıxmalar üzrə Komitəsinə təqdim etdiyi alternativ hesabatda
qaldırılan bir sıra mühüm məsələlər Komitənin Ermənistanla bağlı
yekun müşahidə və tövsiyələrində yer alıb.

Bunu BAMF prezidenti Umud Mirzəyev BMT-nin Məcburi Yoxaçıxmalar
üzrə Komitəsinin Ermənistanın təqdim etdiyi əlavə məlumatlara dair
qəbul etdiyi yekun sənədi şərh edərkən bildirib.

Umud Mirzəyev qeyd edib ki, Komitənin 24 sentyabr 2026-cı il
tarixli yekun sənədinin BAMF-ın təqdim etdiyi alternativ hesabat və
Cenevrədə Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin qaldırdığı
məsələlərlə müqayisəsi mühüm nəticələri üzə çıxarır:

“Bizim üçün əsas məsələ yalnız alternativ hesabatın BMT
platformasında dərc olunması deyildi. Məqsədimiz onilliklərdir
taleyi naməlum qalan azərbaycanlıların, xüsusilə uşaqların taleyini
beynəlxalq hüquq müstəvisində yenidən gündəmə gətirmək və
Ermənistan qarşısında konkret suallar qoyulmasına nail olmaq idi.
Bu baxımdan Komitənin yekun sənədində yer alan müddəalar olduqca
əhəmiyyətlidir”.

BAMF prezidenti bildirib ki, Fondun alternativ hesabatında əsas
diqqət Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş,
sonradan taleyi naməlum qalmış Azərbaycan vətəndaşlarına, xüsusilə
itkin kimi qeydiyyatda olan 71 uşağa yönəldilmişdi. Hesabatda həmin
şəxslərin taleyinin müəyyənləşdirilməsi, mümkün məcburi yoxaçıxma
hallarının araşdırılması, kütləvi məzarlıqlar haqqında məlumatların
açıqlanması, insan qalıqlarının identifikasiyası və Ermənistanın
Azərbaycanla əməkdaşlıq etməsi məsələləri qaldırılmışdı.

BAMF-ın hesabatı və ona əlavə BMT-nin rəsmi məlumat bazasında
müvafiq olaraq INT/CED/NGO/ARM/69875 və INT/CED/NGO/ARM/69876
nömrələri ilə qeydiyyata alınıb.

Umud Mirzəyevin sözlərinə görə, Komitənin yekun sənədində bu
məsələlərin bir sıra mühüm istiqamətlər üzrə əks olunması xüsusi
əhəmiyyət daşıyır.

Komitə Qarabağ münaqişəsi kontekstində hərbçilər və mülki
şəxslər, o cümlədən qadın və uşaqlarla bağlı məcburi yoxaçıxma
iddialarının araşdırılması və cinayət təqibində irəliləyişin
olmamasından narahatlığını ifadə edir. Ermənistana bütün belə
iddiaların hadisənin zamanından, yerindən və şəraitindən asılı
olmayaraq, hətta formal şikayət olmadığı hallarda belə hərtərəfli,
effektiv və qərəzsiz araşdırılması tövsiyə olunur.

Sənəddə ehtimal olunan təqsirkarların milliyyətindən asılı
olmayaraq məsuliyyətə cəlb edilməsi, itkin şəxsin taleyi müəyyən
edilənədək axtarış və araşdırmaların davam etdirilməsi, ailələrin
proses barədə müntəzəm məlumatlandırılması kimi məsələlər də öz
əksini tapıb.

Umud Mirzəyev Komitənin kütləvi məzarlıqlarla bağlı mövqeyini
xüsusilə mühüm hesab etdiyini bildirib:

“Diqqətçəkən məqamlardan biri odur ki, yekun sənəddə
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının məlumatlarına istinad olunur və
işğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlığın aşkarlandığı
qeyd edilir. Komitə eyni zamanda insan qalıqlarının tapılması və
identifikasiyası prosesinin sürətləndirilməsini, yeni dəfn
yerlərinin müəyyənləşdirilməsini və mövcud məzarlıqların
araşdırılmasını tövsiyə edir. Həmçinin dövlət sirrinin qorunması
arqumentinin itkinlərin axtarışına və insan qalıqlarının
müəyyənləşdirilməsinə mane olmamalı olduğu bildirilir”.

BAMF prezidenti vurğulayıb ki, yekun sənədin mühüm
istiqamətlərindən biri də Azərbaycan və Ermənistan arasında birbaşa
əməkdaşlıqla bağlıdır. Komitə iki ölkə arasında məlumat və sübut
mübadiləsinin gücləndirilməsini, müvafiq dövlət komissiyaları,
prokurorluqlar və hüquq-mühafizə orqanları arasında əməkdaşlığın
genişləndirilməsini tövsiyə edir.

Bundan əlavə, mövcud məzarlıqların yerinin müəyyənləşdirilməsi
məqsədilə anonim məlumatvermə mexanizminin yaradılması, insan
qalıqlarının axtarılması, çıxarılması və identifikasiyası sahəsində
əməkdaşlığın gücləndirilməsi, Azərbaycan və Ermənistanın müstəqil
məhkəmə-tibb ekspertləri, arxeoloqları və digər mütəxəssislərinin
iştirakı ilə birgə texniki mexanizmin yaradılması imkanının
nəzərdən keçirilməsi tövsiyələr sırasında yer alır.

Umud Mirzəyev bildirib ki, əldə olunan nəticənin arxasında ciddi
və uzunmüddətli hazırlıq işi dayanır:

“Alternativ hesabat hazırlanarkən Azərbaycanın Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası
ilə çox səmərəli əməkdaşlıq etdik. Hesabatın faktoloji bazasının
dəqiqliyi, itkin şəxslərlə, uşaqlarla, kütləvi məzarlıqlarla və
aparılan identifikasiya işləri ilə bağlı məlumatların
sistemləşdirilməsində bu əməkdaşlığın böyük əhəmiyyəti oldu. Hesab
edirəm ki, Cenevrədə apardığımız işin nəticəli olmasının əsas
səbəblərindən biri də dövlət qurumu ilə vətəndaş cəmiyyəti arasında
qurulan bu düzgün əməkdaşlıq modeli idi”.

BAMF prezidenti eyni zamanda nəticələrin yalnız bir təşkilatın
fəaliyyəti kimi təqdim edilməsinin doğru olmayacağını vurğulayıb. O
bildirib ki, BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin 31-ci
sessiyası çərçivəsində digər Azərbaycan vətəndaş cəmiyyəti
təşkilatları və nümayəndələri də prosesdə fəal iştirak edib,
alternativ məlumatlar təqdim edib və birgə mövqenin Komitə
üzvlərinə çatdırılmasına mühüm töhfə veriblər.

“Cenevrədə gördüyümüz iş həqiqi komanda işinin nəticəsi idi.
Burada uzun illər insan hüquqlarının müdafiəsi və vətəndaş
cəmiyyəti sahəsində fəaliyyət göstərən həmkarımız Sahib Məmmədovun
əməyini xüsusilə qeyd etmək istəyirəm. Onun uzun illərin
təcrübəsinə əsaslanan peşəkar yanaşması, sənədlərin hazırlanması və
Cenevrədə Komitə üzvləri ilə iş zamanı fəal iştirakı ümumi
fəaliyyətimizə mühüm töhfə verdi. Eyni zamanda digər
həmkarlarımızın hazırladığı materiallar, birgə bəyanatımız, Komitə
üzvləri ilə keçirilən görüşlər və Ermənistan nümayəndə heyətinə
ünvanlanan məsələlər bir-birini tamamladı. Bu nəticədə hər bir
həmkarımızın əməyi var. Əsas nailiyyət odur ki, Azərbaycan vətəndaş
cəmiyyətinin uzun illər qaldırdığı humanitar problemlər BMT
müstəvisində konkret suallar və tövsiyələr şəklində ifadə
olundu”.

Umud Mirzəyev uşaqlar məsələsinin ayrıca əhəmiyyət daşıdığını
vurğulayıb. Onun sözlərinə görə, BAMF-ın alternativ hesabatının ən
ağrılı hissəsi itkin düşərkən yaşı 18-dən aşağı olan 71
azərbaycanlı uşağın taleyi ilə bağlıdır. Komitənin yekun sənədində
71 uşağın sayı ayrıca göstərilməsə də, Qarabağ münaqişəsi
kontekstində uşaqlarla bağlı məcburi yoxaçıxma iddiaları qeyd
edilir və məcburi yoxaçıxmalardan zərər çəkmiş uşaqlar xüsusi
həssas qrup kimi nəzərdən keçirilir.

“Biz bu məsələni yalnız keçmiş müharibənin statistikası kimi
görmürük. Hər bir itkin insanın arxasında onilliklərdir cavab
gözləyən ailə dayanır. Xüsusilə uşaqların taleyinin
müəyyənləşdirilməsi humanitar və mənəvi məsuliyyətdir. Azərbaycan
və Ermənistan sülh istiqamətində irəliləyirsə, müharibənin açıq
qalmış humanitar yaralarının sağaldılması da bu prosesin ayrılmaz
hissəsi olmalıdır”, – deyə BAMF prezidenti bildirib.

Umud Mirzəyev əlavə edib ki, Komitənin yekun sənədi qarşıdakı
dövr üçün də mühüm fəaliyyət istiqamətləri müəyyən edir. Ermənistan
tövsiyələrin icrası barədə yenilənmiş məlumatı Komitəyə təqdim
etməli, vətəndaş cəmiyyəti isə bu prosesin izlənilməsində
iştirakını davam etdirməlidir.

“Bizim üçün Cenevrə prosesi yekunlaşmayıb. Əsas məsələ
tövsiyələrin kağız üzərində qalması deyil, onların icrasıdır. BAMF
digər vətəndaş cəmiyyəti təşkilatları və tərəfdaşları ilə birlikdə
itkin düşmüş azərbaycanlıların, xüsusilə uşaqların taleyinin
müəyyənləşdirilməsi məsələsini bundan sonra da beynəlxalq
platformalarda ardıcıl şəkildə gündəmdə saxlayacaq”, – deyə Umud
Mirzəyev bildirib.