
Bakı. Trend:
Azərbaycan və Dünya Bankı arasında maliyyə əlçatanlığı və
nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub.
Bu barədə Maliyyə Nazirliyindən verilən məlumatda qeyd
edilib.
Bildirilib ki, oktyabrın 2-də Azərbaycan Respublikası maliyyə
nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Cənubi Qafqaz
üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Dünya Bankının “İş yerləri və iqtisadi artım üçün
maliyyə əlçatanlığı” (FINGROW) və nəqliyyat missiyalarının əsas
nəticələri, gələcək əməkdaşlıq istiqamətləri, eləcə də layihələrin
hazırlanmasının və icrasının sürətləndirilməsi məqsədilə aidiyyəti
dövlət qurumları ilə Dünya Bankı arasında koordinasiyanın
gücləndirilməsi məsələləri müzakirə olunub.
Anar Kərimov Azərbaycanın sosial-iqtisadi inkişafının
dəstəklənməsi və islahat gündəliyinin həyata keçirilməsi baxımından
Dünya Bankı ilə tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib
ki, maliyyə əlçatanlığının genişləndirilməsi, özəl sektorun
maliyyələşdirilməsi və nəqliyyat infrastrukturunun inkişafı
sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar
mövcuddur.
“FINGROW” layihəsi üzrə hazırlıq işlərinə toxunan A.Kərimov
layihə çərçivəsində nəzərdə tutulan qismən kredit zəmanəti və
kapital maliyyələşdirilməsi komponentlərinin həyata keçirilməsi
üçün müvafiq maliyyələşdirmə və hüquqi mexanizmlərin
formalaşdırılması, eləcə də layihənin konseptual çərçivəsinin
müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini
bildirib.
Eyni zamanda, Dünya Bankının maliyyələşdirdiyi “Regional Yollar
və İnkişaf” layihəsinin cari ilin mart ayında uğurla başa çatdığı
qeyd edilib. Bildirilib ki, yol sektorunda əməkdaşlığın davamı
olaraq “M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin
yenidən qurulması” layihəsinin hazırlanması və Dünya Bankı
tərəfindən kredit və texniki yardım göstərilməsi istiqamətində
müvafiq tədbirlər həyata keçirilir.
Öz növbəsində, xanım R.Prays Azərbaycan ilə Dünya Bankı arasında
qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslanan əməkdaşlığın
inkişafından məmnunluğunu ifadə edib. O, “FINGROW” layihəsi
çərçivəsində maliyyə əlçatanlığının genişləndirilməsi və nəqliyyat
infrastrukturunun inkişafına yönəlmiş təşəbbüslərin həyata
keçirilməsi istiqamətində Dünya Bankının maliyyə və ekspert
dəstəyini göstərməyə hazır olduğunu bildirib.
Tərəflər qeyd olunan istiqamətlərdə əməkdaşlığın davam
etdirilməsinin və koordinasiyanın gücləndirilməsinin vacibliyini
vurğulayıblar.

