
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) hidrogen enerjisi
üzrə yol xəritəsinin hazırlanmasında Azərbaycana dəstək
göstərir.
Trend xəbər verir
ki, bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında
Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid
Abdullayev Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışında bildirib.
Onun sözlərinə əsasən, AYİB hidrogen enerjisinin inkişafı üzrə
yol xəritələrinin hazırlanması çərçivəsində Azərbaycanla fəal
əməkdaşlıq edir və sözügedən yol xəritələri bu sahədə gələcək
layihələr üçün təməl rolunu oynayacaq.
Agentlik direktoru vurğulayıb ki, bank artıq Azərbaycan tərəfinə
həm maliyyə, həm də ekspert dəstəyi göstərir və sənədin ətraflı və
icraya yönəlmiş formada hazırlanması üçün beynəlxalq konsaltinq
şirkətinin seçimi prosesi yekun mərhələyə çatıb.
“Artıq beynəlxalq konsaltinq şirkətlərinin qısa siyahısı müəyyən
edilib və bu layihəyə yüksək maraq müşahidə olunur. Əminəm ki,
nəticələr uğurlu olacaq”, – deyə Abdullayev bildirib.
O, həmçinin xatırladıb ki, COP29 çərçivəsində Azərbaycan
hidrogen enerjisinin inkişafı üzrə öz baxışını və geniş beynəlxalq
maraq doğuran strateji sənədini təqdim edib.

