Almaniya “F-35A” qırıcı təyyarələrinin ilk partiyasını ABŞ-dən təhvil alıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın ABŞ-yə sifariş verdiyi “F-35A” qırıcı təyyarələrinin
ilk partiyasını təhvil alıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin Texas
ştatında Bundesver üçün nəzərdə tutulan ilk “F-35A” qırıcısını
rəsmi olaraq qəbul edib. Nazir bu hadisəni Almaniya Hərbi Hava
Qüvvələri üçün yeni eranın başlanğıcı, eyni zamanda, transatlantik
tərəfdaşlığın gücünün və Almaniya ilə ABŞ arasında uğurlu
əməkdaşlığın canlı sübutu kimi dəyərləndirib.

ABŞ-nin “Lockheed Martin” şirkətinin istehsal etdiyi “F-35A”
qırıcılarından Almaniya ümumilikdə 35 ədəd alacaq. İlk təyyarələrin
tədarükünə bu il başlanıb, onıarın tam döyüş hazırlığına 2029-cu
ildə çatdırılması planlaşdırılır. Alman pilotlarının hazırlığı
məqsədilə ilk təyyarələr ilkin mərhələdə ABŞ-də qalacaq.




“F-35A”nın əsas xüsusiyyətləri arasında böyük həcmdə
məlumatların real vaxtda toplanması və müxtəlif hərbi sahələr üzrə
vahid əməliyyat mənzərəsinin yaradılması göstərilir. Təyyarə,
həmçinin pilotsuz uçuş aparatları ilə birgə fəaliyyət göstərə
bilir.

Qırıcıların Almaniyadakı əsas bazası Eifeldə yerləşən Büxel
aviabazası olacaq. Buradakı infrastrukturun yenilənməsinə təxminən
2 milyard avro ayrılıb. Planlara əsasən, uçuş əməliyyatları üçün
infrastruktur 2027-ci ildə hazır olacaq.

“F-35A” proqramında Almaniya sənayesi də iştirak edir.
“Rheinmetall” şirkəti təyyarələrin gövdəsinin orta hissələrinin
istehsalını həyata keçirir.