
Bakı.Trend:
ABŞ-nin Fransadakı səfirliyi ölkədə baş verən
iğtişaşlarla əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb. Bu
barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub.
“Fransanın hər yerində şagirdlərin etirazları davam
edir və bəzi etirazlar iğtişaşlara çevrilib. Yürüşlər məktəb
şəhərciklərindən kənarda keçirilir. Fransanın hər yerində yüzlərlə
orta məktəb bağlanıb. Tələbə cəmiyyətləri oktyabrın 6-da ümumölkə
etiraz günü keçirilməsinə çağırır, şagird birliklərinin, təhsil
işçilərinin həmkarlar ittifaqlarının və valideyn assosiasiyalarının
aksiyada iştirakı gözlənilir”, – deyə bəyanatda bildirilir.
Səfirlik ABŞ vətəndaşlarını nümayişlərin keçirildiyi
yerlərdən uzaq durmağa və yerli KİV-in məlumatlarını izləməyə
çağırıb.
Yuxarı sinif şagirdlərinin etiraz aksiyaları
sentyabrın sonunda paytaxt regionu İl-de-Fransda başlayıb və
hazırda bütün Fransanı əhatə edib. Etirazçılar həddindən artıq
yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil
sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi yerlərdə
etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib.
Hüquq-mühafizə orqanları bu müddət ərzində 5 mindən çox şəxsi
saxlayıb ki, onların 90 faizi yetkinlik yaşına çatmayanlardır.

