
Bakıda anbardan oğurluq edilib.
Modern.az-ın xəbərinə görə, hadisə Xəzər rayonu ərazisində qeydə alınıb.
44 yaşlı Muxtar Həsənov(şərti adla) qonşusunun həyətinə girərək, anbarı qarət edib. O, pəncərənin dəmir barmaqlıqlarından istifadə edərək, saxlanc yerinin üstünə çıxıb və damda bir ədəd örtüyü sökərək, içəri daxil olub. Oradan cəmi dəyəri 500 manat təşkil edən 2 ədəd qazan dəstini, 100 manatlıq 4 ədəd şüşə materialdan olan çərəz qablarını, 50 manatlıq 12 ədəd çəngəl-qaşıq dəstini, 150 manatlıq “Xudat” markalı 0.5 litrlik 60 ədəd limonadı, 100 manatlıq 2 litrlik limonadı, 100 manatlıq su matoru və hidrafonu və 50 manatlıq olan 30 metr uzunluqda elektrik naqilini oğurlayıb. Oğurladığı bütün bu əşyaları saxlanc yerindən tapdığı 4 ədəd kisəyə doldurub və elektrik naqilləri ilə damdan yuxarı qaldırıb. Ümumilikdə ev sahibinə 1050 manat ziyan vurub.
Şikayət əsasında Muxtar Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, narkotik vasitələrdən istifadə edir. O, narkotik almağa pulu almadığı üçün bu oğurluğu törətdiyini deyib. Onun sözlərinə görə, oğurladığı əşyaların bir qismini səhərisi günü “Qazel” markalı avtomobillə səyyar metal qəbulu işi ilə məşğul olan şəxsə 114 manat qarşılığında satıb. Limonadları özü istifadə edib. Əşyaların bir qismini isə saxlanıldıqdan sonra polisə təhvil verib. O. əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.
Zərərçəkən şəxs isə ifadəsində Muxtara qarşı şikayət və tələbinin olmadığını dilə gətirib.
Məhkəmənin qərarı ilə M. Həsənov 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
İlyas Turan

