
Bakı. Trend:
Qazaxıstanın Xəzərsahili Manqistau vilayətində təlimlər zamanı
həlak olan hərbçilərin sayı 12-yə çatıb.
Bu barədə Manqistau vilayəti akimatının (administrasiyasının)
yaydığı məlumatda bildirilib.
“Dəqiqləşdirilmiş məlumata görə, təlim döyüş tapşırığının icrası
zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi
səbəbindən 17 nəfər dənizə sürüklənib. Onlardan 12-si həlak olub, 3
nəfəri xilas edilib. Daha 2 hərbçinin axtarışları davam etdirilir”,
– məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Müdafiə Nazirliyi ölkə
Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 19 hərbçinin dənizə
sürükləndiyini, 3 nəfərin xilas edildiyini, 9 hərbçinin isə həlak
olduğunu bildirmişdi.
XXX
13:24
Qazaxıstanın Xəzər dənizində hərbi təlimləri zamanı 9
hərbçi həlak olub.
Bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat
yayıb.
Manqistau vilayətində Qazaxıstan Respublikası Silahlı
Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı havanın
kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində hərbçilər
dənizə sürükləniblər.
Məlumata görə, ümumilikdə 19 hərbçi dənizə düşüb.
Onlardan 9-nun həlak olduğu təsdiqlənib, 3 hərbçi xilas edilib.
Xilas edilən hərbçilərdən biri xəstəxanaya yerləşdirilib.
Digər hərbçilərin axtarışları davam etdirilir.
Axtarış-xilasetmə əməliyyatına Hərbi-Dəniz Qüvvələrinin, Fövqəladə
Hallar Nazirliyinin bölmələri, aviasiya və digər xidmətlər cəlb
olunub.
Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və
axtarış əməliyyatının əlaqələndirilməsi məqsədilə Qazaxıstan
Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib.
Komissiyaya müdafiə naziri, general-leytenant Dauren Kosanov
rəhbərlik edir.
Qeyd edək ki, Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz
Qüvvələrinin “Xazar Qorğanı – 2026” təlimləri keçirilib. Təlimlərdə
Hərbi Dəniz Qüvvələrinin gəmiləri və katerləri, hidroqrafik
gəmilər, Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin
Manqistau vilayəti üzrə departamentinin gəmiləri və Hava Hücumundan
Müdafiə Qüvvələrinin aviasiyası iştirak edib.
Təlimlər zamanı hərbçilər birgə manevrlərin həyata
keçirilməsi, axtarış-xilasetmə işlərinin təşkili, həmçinin müxtəlif
təhlükələrə qarşı fəaliyyətlərin həyata keçirilməsini məşq
ediblər.

