
Bakı. Trend:
Yerli sukuk bazarının formalaşdırılması üçün ilk növbədə,
sukukun hüquqi statusunu müəyyənləşdirən qanunvericilik bazasının
yaradılması vacibdir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi
Bankından (AMB) bildirilib.
Məlumata görə, İslam İnkişaf Bankı İnstitutu və Beynəlxalq İslam
Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının birgə hesabatında
Azərbaycanın 2030-cu ilədək 500 milyon ABŞ dollarınadək ilk sukuk
emissiyasını həyata keçirə biləcəyi proqnozlaşdırılır. Mərkəzi
Bankdan bildirilib ki, sözügedən qiymətləndirmə Azərbaycanın
kapital bazarının inkişaf potensialını əks etdirən müsbət proqnoz
kimi dəyərləndirilə bilər:
“Bununla belə, hesab edirik ki, ilk sukuk emissiyasının
reallaşması bazar iştirakçılarının marağından, investor tələbindən,
hüquqi bazanın təkmilləşdirilməsindən və makroiqtisadi şəraitdən
asılı olacaq. Yerli sukuk bazarının formalaşdırılması üçün ilk
növbədə, sukukun hüquqi statusunu müəyyənləşdirən qanunvericilik
bazasının yaradılması vacibdir. Hazırda Mərkəzi Bank tərəfindən
İslam İnkişaf Bankının dəstəyi və beynəlxalq ekspertlərin cəlb
edilməsi ilə sukukun hüquqi çərçivəsinin formalaşdırılması
istiqamətində beynəlxalq təcrübə öyrənilir və yerli maliyyə
bazarının xüsusiyyətləri və ehtiyacları nəzərə alınmaqla müvafiq
xarici təcrübənin tətbiqi imkanları müəyyənləşdirilir”.
Vurğulanıb ki, AMB qarşıdakı dövrdə 2024-2026-cı illər üzrə
Maliyyə sektorunun inkişafı strategiyasında müəyyən edilmiş
prioritet istiqamətlərə uyğun olaraq, öz mandatı çərçivəsində sukuk
alətinin tətbiqinə və bu sahədə zəruri hüquqi və bazar
infrastrukturunun formalaşmasına yönəlmiş tədbirləri həyata
keçirməyə davam edəcək.
Xatırladaq ki, İslam İnkişaf Bankı İnstitutu (IsDBI) da
Azərbaycanda sukuk bazarının formalaşdırılması istiqamətində
Mərkəzi Bankla əməkdaşlıq etdiyini açıqlayıb. Trend-ə eksklüziv
müsahibəsində IsDBI-nin baş direktor vəzifəsini icra edən Sami
Əl-Süveylim bildirib ki, institut sukuk buraxılışı mexanizminin
hazırlanması, eləcə də islam bankları və digər islam maliyyə
institutları üçün normativ-hüquqi bazanın formalaşdırılmasına
dəstək verir.
Onun sözlərinə görə, sukuk ölkədə layihələrin maliyyələşdirilməsi
üçün əlavə resurs mənbəyi yaradacaq və İslam İnkişaf Bankının
Azərbaycan iqtisadiyyatına dəstəyinin genişlənməsinə imkan
verəcək.
“Biz artıq Mərkəzi Bankla fəal şəkildə işləyirik. Məqsəd sukuk
buraxılışı üçün mexanizmin hazırlanmasına, eləcə də islam bankları
və ümumilikdə islam maliyyə institutları üçün qaydaların və
tənzimləyici bazanın formalaşdırılmasına kömək etmək və dəstək
verməkdir. Bu, İslam İnkişaf Bankının həmin maliyyə institutları
vasitəsilə Azərbaycan iqtisadiyyatının inkişafına və tərəqqisinə
dəstək məqsədilə iştirakını genişləndirməyə imkan verəcək. Qeyd
etdiyim kimi, biz sukuk bazarının inkişafı məsələlərində — həm
potensialın artırılması, həm də bu alətlər üçün normativ-hüquqi
bazanın hazırlanması istiqamətində Azərbaycan Mərkəzi Bankı ilə sıx
əməkdaşlıq edirik. Sukukun Azərbaycan iqtisadiyyatına necə dəstək
verə biləcəyinə gəlincə, onlar ölkədə layihələrin həyata
keçirilməsini və genişləndirilməsini dəstəkləmək üçün əlavə
maliyyələşmə mənbəyi təmin edir. Bu baxımdan sukuk ölkə üçün əlavə
maliyyələşmə və resursların səfərbər edilməsi mənbəyinə
çevriləcək”, — deyə o əlavə edib.
Qeyd edək ki, IsDBI və Beynəlxalq İslam Ticarətinin
Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) “Azərbaycanda islam
maliyyəsi: yeni üfüqlərin açılması” adlı birgə hesabatında
Azərbaycanın 2030-cu ilədək 500 milyon ABŞ dollarınadək ilk sukuk
buraxılışını həyata keçirə biləcəyi proqnozlaşdırılır. Hesabatda
bildirilir ki, bu hədəfin reallaşması üçün dəstəkləyici
tənzimləyici mühitin yaradılması, qanunvericiliyin
təkmilləşdirilməsi və zəruri bazar infrastrukturunun
formalaşdırılması əsas şərtlərdən biridir.

