
Bakı. Trend:
ABŞ Azərbaycanın regional rəqəmsal qovşaq kimi rolunun
dəstəklənməsi imkanlarının araşdırılmasında maraqlıdır.
Bunu Trend-ə
verdiyi özəl müsahibədə ABŞ Dövlət katibinin iqtisadi, enerji və
işgüzar məsələlərlə bağlı köməkçisi Kaleb Orr bildirib.
“Hazırda Azərbaycanda 200-dən çox Amerika şirkəti fəaliyyət
göstərir və biz ikitərəfli ticarətin, eləcə də iqtisadi əlaqələrin
artmasını görmək istərdik. İqtisadi əməkdaşlığın dərinləşdirilməsi
üçün konkret istiqamətlərə energetikaya investisiyalar, regional
əlaqəlilik infrastrukturunun inkişafı, müdafiə məhsullarının satışı
da daxil olmaqla ticarət, eləcə də süni intellekt sahəsində
tərəfdaşlıq və rəqəmsal infrastrukturun inkişafı daxildir”, – deyə
o qeyd edib.
Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutunun (TRIPP)
əhəmiyyətindən danışan K.Orr bildirib ki, bu təşəbbüs Transxəzər
ticarət marşrutunda mühüm bir həlqə yaradacaq.
“TRIPP Ermənistan ərazisində maneəsiz, multimodal nəqliyyat
bağlantısını təmin edəcək. TRIPP-in Azərbaycanın əsas hissəsini
Naxçıvan Muxtar Respublikasına birləşdirərək, həmçinin Transxəzər
ticarət marşrutunda əsas həlqə yaradaraq Ermənistan Respublikasının
beynəlxalq və daxili bağlantısı üçün qarşılıqlı faydalar gətirəcəyi
gözlənilir. TRIPP-in əsas məqsədi Azərbaycan və Ermənistanın
rifahını, həmçinin təhlükəsizliyini möhkəmləndirmək, habelə
regional ticarət və nəqliyyat bağlantısının genişləndirilməsi
hesabına ABŞ ticarətinin inkişafına töhfə verməkdir. Bu təşəbbüs
Mərkəzi Asiya və Qafqazı Avropa ilə birləşdirən yeni tranzit
imkanları yaradacaq”, – deyə o bildirib.
K.Orr əlavə edib ki, Orta Dəhliz Avrasiya boyunca ticarəti
transformasiya edə bilər.
“Transxəzər ticarət marşrutu (TCTR) və ya Orta Dəhliz – Mərkəzi
Asiyanın çöllərindən, Xəzər dənizindən və Qafqazdan keçərək regionu
ABŞ və Avropa bazarları ilə birləşdirən ticarət-nəqliyyat yoludur.
Kritik infrastrukturun inkişafına investisiyalar və gömrük
prosedurlarının təkmilləşdirilməsi ilə tam funksional TCTR Avrasiya
daxilində və regionları arasında ticarəti dəyişdirə bilər. 2025-ci
ilin noyabrında C5+1-in onuncu ildönümü münasibətilə keçirilən
sammit zamanı Mərkəzi Asiyanın beş ölkəsi və ABŞ Transxəzər ticarət
marşrutunun potensialının inkişafını təhlükəsiz yük, informasiya və
enerji daşımalarının təmin edilməsi yolu ilə əlaqəliliyin və
təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi üçün
prioritet istiqamət kimi müəyyən ediblər”, – deyə o izah edib.
Orr hesab edir ki, tranzit və logistika, zəruri minerallar,
aqrobiznes və rəqəmsal infrastruktura investisiyalar Amerika
investisiyaları üçün imkanlar yaradacaq, eyni zamanda TCTR
vasitəsilə daşınan malların və zəruri resursların həcmini
artıracaq.
Enerji əməkdaşlığına gəldikdə, K.Orr bildirib ki, Amerika
şirkətləri Azərbaycanın dəstəklənməsi məqsədilə neft-qaz sektorunda
öz rollarını genişləndirmək imkanlarını araşdırmağa davam
edirlər.
“Biz anlayırıq ki, Azərbaycanın neft-qaz sektoru artıq işlənmiş
Xəzər yataqlarında hasilatın maksimuma çatdırılmasına, eləcə də
daxili istehlak və ixrac üçün quruda və şelfdə yeni neft və qaz
mənbələrinin axtarışı və işlənməsinə yönəlib. Bu imkanlara 2025-ci
ildə “ExxonMobil” ilə SOCAR arasında qeyri-ənənəvi qurudakı
neft-qaz ehtiyatlarının tədqiqi, işlənməsi və hasilatı üzrə
imzalanmış Anlaşma Memorandumu daxildir. Həmçinin ixrac neft və qaz
kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması variantları
nəzərdən keçirilir. Amerika şirkətləri bu layihələrdə Azərbaycanın
dəstəklənməsi məqsədilə artıq əhəmiyyətli olan neft-qaz
fəaliyyətlərində öz rollarını genişləndirmək imkanlarını
araşdırmaqda davam edirlər”, – deyə o əlavə edib.
K.Orr digər əməkdaşlıq sahələrinə də toxunaraq bildirib ki,
Amerika şirkətləri elektrik enerjisi istehsalı və paylayıcı şəbəkə
texnologiyaları sahəsində dünya liderləridir və bu, Azərbaycanın
iqtisadi gələcəyi üçün mühüm istiqamətdir.
“Bundan əlavə, biz Amerika texnologiya şirkətləri ilə Azərbaycan
arasında əlaqələrin qurulmasında və Azərbaycanın regionun rəqəmsal
qovşağı kimi rolunun dəstəklənməsi imkanlarının araşdırılmasında
maraqlıyıq. Azərbaycan həmçinin Transxəzər ticarət marşrutunda
(Orta Dəhliz) mühüm rol oynayır. Ağıllı liman texnologiyalarına,
müasir dəmir yolu infrastrukturuna və inteqrasiya olunmuş logistika
qovşaqlarına Amerika investisiyaları Asiya ilə Avropa arasında daha
sürətli və etibarlı ticarət axınlarını təmin edərək bağlantını
gücləndirəcək”, – deyə o bildirib.
K.Orr həmçinin Amerika–Azərbaycan Ticarət Palatasının (USACC)
işgüzar əlaqələrin, ticarət missiyalarının və şəbəkələşmə
platformalarının təşviqində mühüm rolunu vurğulayıb. Bildirib ki,
bu platformalar Amerika və Azərbaycan şirkətlərinə qarşılıqlı
fəaliyyət göstərməyə və kommersiya imkanlarını reallaşdırmağa
şərait yaradır:
“Bu tədbirlər Amerika şirkətləri üçün etimadın qurulmasına və
kommersiya perspektivlərinin formalaşmasına kömək edir – bu isə
uğurun böyük ölçüdə münasibətlərdən və yerli biliklərdən asılı
olduğu inkişaf etməkdə olan bazarlarda həyati əhəmiyyət daşıyan
funksiyadır”.
Bundan əlavə, Orrun sözlərinə görə, USACC regional biznes
əməkdaşlığının inkişafına töhfə verir ki, bu da Azərbaycanın Cənubi
Qafqazda geostrateji qovşaq kimi rolu nəzərə alınmaqla xüsusi önəm
daşıyır.
“Onun enerji tranzit dəhlizlərində və regional bağlantı
təşəbbüslərində tutduğu mövqe Amerika şirkətləri üçün əhəmiyyətli
transsərhəd imkanlar açır. Məsələn, 2025-ci ilin sentyabr ayında
USACC multimodal daşımalar, logistika və kritik infrastruktur
sahələrində kommersiya imkanlarını araşdırmaq məqsədilə Amerika
biznes nümayəndə heyətini Azərbaycana gətirib. Bu il USACC öz 30
illik yubileyini qeyd edir və bununla birlikdə ABŞ ilə Azərbaycan
arasında ticarətə, investisiyalara və mədəni əlaqələrə dəstəyin 30
illiyini qeyd edir. Əminəm ki, tərəfdaşlığımız inkişafa davam
edəcək və yaxın aylar və illərdə əməkdaşlığımızın daha da
dərinləşməsini səbirsizliklə gözləyirəm”, – deyə o fikrini
yekunlaşdırıb.

