Ötən il Çində orta illik temperatur ikinci dəfə rekord səviyyəyə çatıb

Baş səhifə

Bakı. Trend:

Ötən il Çində orta illik temperatur ikinci dəfə rekord səviyyəyə
çatıb.

Trend bu
barədə xarici KİV-ə istinadən məlumat yayıb.

Çinin Meteorologiya İdarəsinin yaydığı məlumata görə, 2025-ci
ildə ölkənin milli orta illik temperaturu ikinci ildir rekord həddə
çataraq 10,9 dərəcə Selsi olub. Bu, 1961-ci ildən bəri aparılan
müşahidələr tarixində ən yüksək göstəricidir.

Məlumat qurumun 2025-ci il üzrə iqlim bülleteninin təqdim
olunduğu mətbuat konfransında açıqlanıb. Bildirilib ki, son
onilliklər ərzində Çində orta temperaturda davamlı artım müşahidə
olunur.




Qeyd edilir ki, ölkədə yüksək temperaturlar və güclü yağışlar
daha da intensivləşərək daşqınlar və digər təbii fəlakətlər riskini
artırır. Xüsusilə iyunun sonundan sentyabrın əvvəlinə qədər Çinin
mərkəzi və şərq bölgələrində davamlı istilər qeydə alınıb.

Eyni zamanda, orta yağıntı miqdarı normadan 4,5 faiz çox olub.
Çin tərəfi yüksək temperaturlu günləri 35 dərəcə Selsi və daha
yuxarı olan günlər kimi təsnif edir.

Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatının yanvar ayında
yaydığı hesabata görə isə 2025-ci il planet üzrə ən isti üç il
arasında yer alıb.