
Bakı. Trend:
Bu gün baş tutan tədbir Azərbaycan ilə Latviya, Estoniya və
Finlandiya iş dairələri arasında iqtisadi tərəfdaşlığın
möhkəmlənməsində yeni mərhələ olacaq.
Trend xəbər verir
ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının baş katibi Ziya Hacılı
Azərbaycan, Latviya, Estoniya və Finlandiya sahibkarlarının B2B
formatında keçirilən görüşləri çərçivəsində təşkil olunan
konfransda bildirib.
Onun sözlərinə görə, Baltik və Şimali Avropa ölkələri innovativ
iqtisadiyyatları, dayanıqlı sənaye modelləri və qabaqcıl rəqəmsal
həlləri ilə bütün dünyada tanınır.
Baş katib həmçinin qeyd edib ki, Azərbaycan isə öz növbəsində
Cənubi Qafqazın iqtisadi mərkəzi, enerji, nəqliyyat, logistika və
müasir kənd təsərrüfatı sənayesində regional lider kimi yeni
əməkdaşlıq imkanları təqdim edir.
O vurğulayıb ki, hazırkı görüş çox mühüm bir addımdan – Milli
Sahibkarlar Konfederasiyasının üç ölkənin sahibkar birlikləri və
sənaye təşkilatları ilə Anlaşma Memorandumu imzalamasından sonra
keçirilir.
Ziya Hacılının sözlərinə görə, bu razılaşmalar sadəcə rəmzi
xarakter daşımır, əksinə, işgüzar dairələr arasında uzunmüddətli və
institusional əməkdaşlıq üçün praktiki bir “yol xəritəsi” rolunu
oynayır.
O bildirib ki, birgə fəaliyyət üçün real potensial “yaşıl”
enerji və bərpa olunan texnologiyalar, rəqəmsal iqtisadiyyat və
innovativ ekosistemlər, o cümlədən startap sahəsində əməkdaşlıq,
eləcə də kənd təsərrüfatı və qida sənayesi kimi əsas istiqamətlərdə
mövcuddur.
O əlavə edib ki, son on il ərzində Azərbaycan hökuməti aqrar
sektorun inkişafına yönəlmiş müxtəlif strategiya və fəaliyyət
planlarını təsdiqləyib və bu gün Kənd Təsərrüfatı Nazirliyi,
İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları investorları fəal
şəkildə dəstəkləyir.
Bundan əlavə, onun sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı
məhsullarının ixracı üçün əlverişli şərait yaradır – vergi və
gömrük güzəştləri, həmçinin MDB və İslam ölkələri ilə ticarətdə
rüsumdan azadolma rejimi tətbiq olunur.

