Məmurlara nə var ki, oturublar hovuzlu bağ evlərində…

Cəmiyyət


Əvvəla, hamımıza keçmiş olsun. Allah yenə biz qara camaatın üzünə baxdı, qəzasız-bəlasız xətadan ötüşdük. Ya da məmurların duası o qədər güclü oldu ki, yaranacaq böhrandan yenə ötüşüb keçdilər. Allah əlini üstlərindən çəkmədi.  

Yadıma bir neçə il əvvəl yaşadığımız apokalipsis düşdü. Havaların isti keçməsi səbəbindən Mingəçevirdə İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkə qaranlığa qərq oldu. Nə qədər adam köməksiz vəziyyətdə qaldı, xəstəxanalıq oldu.  

Məhz bu böhranda məlum oldu ki, generatorlar və digər texniki avadanlıqlar almaq adı ilə minlərlə manat vəsait yazılıb, amma ortada heç nə yoxdur, pulları qatlayıb yeyiblər. 

Sonra məlum oldu ki, sən demə Azərbaycan İstilik Elektrik Stansiyasının 6-cı enerji blokunda partlayış baş verib, sonra da yanğın. Qeyd edirəm ki, 2018-ci ildə baş vermiş bu elektrik kəsilməsi (iyulun 2-dən 3-nə keçən gecə) Sovet İttifaqının dağılmasından sonra ilk dəfə yaşanırdı. Məmur əfəndilər də dedilər ki, bəs bizlik heç nə yoxdur: “Hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb”. Yəni ki, kondisionerdi, ventilyatordu siz-kasıblar üçün deyil, siz istidən qırılmalı millətsiniz.  

Mən hələ qatrada qalanları demirəm. Axı siz niyə metrodan istifadə edirsiniz ki, qatarda, tuneldə də qalırsınız? Dədələrimiz bilib ki, metro nədir? Piyada düş get. Metro hara, qara camaat hara? 

Nə isə, qayıdaq dünənki möhtəşəm hadisəyə. Bəli, zəlzələ baş verdi. Təbii ki, insanlar ilk növbədə evlərini tərk etdilər. Çünki hamımız ürəyimizin dərinliyində bilirik ki, Bakıda tikilən evlərin əksəriyyəti “Allahın ümidinə” tikilib. Yəni ki, heç kim canından bezməyib. Bu binalar isə hər an aşa bilər.   

Bu gün isə başbilənlər deyirlər ki, bəs evlərin həyətlərinə düşmək təhlükəsiz deyil. Açıq əraziyə toplaşmaq lazımdır. İstər-istəmz sual yaranır, a kişi, Bakıda açıq ərazi qalıb ki, oraya gedək? Dənizi hasarlayıbsız, şəhərin bütün parklarında obyektlər, restoranlar, çoxmərtəbəli evlər tikmisiniz, bir tikə torpaq üstündə ağac görəndə elə bil səbətdə ilan gördüyünüz kimi başını əzirsiniz. Hansı açıq ərazi? Qəbirstanlığa gedək? 

Bu boyda Bakıda tikmədiyiniz ərazi, yer qoymayıbsız. Hələ bir camaata ağıl da verisiniz?! Məmurlara nə var ki, oturublar hovuzlu bağ evlərində, biz də istidən ürəyimiz gedəndə, kondisioner yandıranda sən demə Mingəçevirdə yanğın törədirik, ev yıxırıq, xülasə oluruq “xalq düşməni”.  

Türkiyədə baş vermiş zəlzələ isə bizim ölkədə heç kimin tükünü belə tərpətmədi. İlk iki gün çoxmətəbəli evlərin inşasına icazə verən, nəzarət edən FHN-in əməkdaşları Bakıda üç-dörd binanın guya zəlzələyə dözümlüyünü yoxladılar. Press-reliz, beş-on şəkil göndərdilər, sonra məsələnin başını buraxdılar.  

Yəqin düşündülər ki, onsuz da zəlzələ Allahın işidir, özü bilər, kim ölər, kim qalar. Allahın işinə qarışmaq olmaz ki?  

O ərəfədə Azərbaycanda sayt qalmadı ki, FHN-dən seysmoloji xəritə istəməsin. Nazirlik də dedi ki, bu gün, sabah göndəririk. O göndərəndi, göndərir. Bu gün isə başına döndüyüm Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirdi ki, bəs “ay millət, Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur. Hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə bu istiqamətdə işlər aparılır”. Sonra da əlavə edib ki, Azərbaycanda bu xəritə ən son 1957-ci ildə olub: 

“Tərəfimizdən yeni xəritə üçün təklif verildi və işlər aparılır”. 

Həqiqəti dediyi üçün Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişliyə bir vətəndaş kimi təşəkür edirəm.  
 
İnşallah dua edirəm ki, bizim şanlı-şöhrətli, dünya şöhrətli, elmi kəşfləri ilə dünyanı böyrü üstə qoyan, nahar fasilələrində atomu parçalayıb, nərd taxtasına vuran alimlərimiz bu məsələnin üstünə tez düşəcək, zəlzələ baş verməmiş bu xəritəni tərtib edib hazırlayacaqlar.  
 
İndi deəyəcəksiniz ki, bu xəritə nəyə lazımdır? Ona görə lazımdır ki, tikiləcək binalar baş verə biləcək zəlzələnin gücünə uyğun olsun. Məsələn, Azərbaycanlı seysmoloqların 1977-ci ildə apardıqları araşdırmalar nəticəsində tərtib etdikləri seysmoloji xəritəyə əsasən Qafqazın cənub yamacından Balakən, Şamaxıya qədər olan ərazilər 8-9 ballıq, Bakı 7-9 ballıq zəlzələyə dözümlüdür. İndi sual olunur, Bakıda 7-9 ballıq zəlzələyə dözümlü neçə ədəd bina var?  

Mən hələ qəzalı, köhnə tikililəri demirəm. Keyfiyyətsiz armatur, betondan, amma böyük rüşvət qarşısında tikilən çoxmərtəbəli binaları demirəm.  
 
Hələ mənzillərin içində rigelləri, beton sütünları kəsən axmaqları, ağız-ağıza tikilən binaları demirəm. Biri o birisinin üstünə aşsa bəsimizdir…

İndi bütün bunlar qalıb bir kənarda “yekəbaşlar” millətə ağıl verir ki, bəs zəlzələ olanda evin həyətinə yox, açıq əraziyə gedin.  

Millət də, millət ola, bir də belə böhran yaşananda gedə məmurların obyektlərində, bağ evlərində, restoran, hotellərində gecələyə.  
 
Nə isə, deyirlər həyət evlərinin qiyməti yenə qalxdı. Fürsətcil millətik. İstər taksi sürcüsü olsun, istər məmuru olsun, istər “makleri” olsun. Bir daha özümüzün əsl simamızı göstərdik…

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir