
Bakı. Trend:
Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində
keçirilən gimnastika yarışlarının ilk günündə qaliblər sırasında
Şuşa şəhər Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Kamilla
Bağırova da yer alıb.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, gənc gimnast
yarışda uğurlu çıxış edərək III yerə layiq görülüb.
Kamilla Bağırova bildirib ki, əldə etdiyi nəticə onun üçün böyük
qürur mənbəyidir:
“Bu gün medalçılar sırasında yer almaq mənim üçün böyük
qürurdur. Sevincliyəm, həm də ona görə ki, doğma Şuşamızın
Uşaq-Gənclər İdman Məktəbini təmsil edirəm. Medal qazanmağım
həyatımın ən dəyərli və unudulmaz anlarından biridir. Yarış zamanı
yalnız özüm üçün deyil, təmsil etdiyim Şuşa üçün də çıxış etdiyimi
hiss edirdim. Yarış meydançasına hər dəfə çıxanda düşünürdüm ki,
mən yalnız bir idmançı deyil, həm də gözəl Şuşamızın
təmsilçisiyəm”.
O qeyd edib ki, bu uğurun arxasında uzunmüddətli zəhmət
dayanır:
“3 yaşımdan gimnastika ilə məşğulam. Məşqçim Züleyxa İsmayılova
hər zaman mənə inanıb, məqsədlərimə çatmaq üçün məni ruhlandırıb.
Bu medalda, eləcə də digər yarış və beynəlxalq turnirlərdə əldə
etdiyim nailiyyətlərdə onun əməyi böyükdür. Bu uğuru məşqçimə,
ailəmə və mənə dəstək olan hər kəsə həsr edirəm”.
Kamilla Bağırova vurğulayıb ki, Şuşanın adını belə mötəbər
yarışda qaliblər sırasında təmsil etmək onun üçün xüsusi anlam
daşıyır:
“Şuşanı qaliblər sırasında təmsil etmək qazandığım uğurun ən
dəyərli hissəsidir. Bu, mənim üçün sadəcə idman nailiyyəti deyil,
həm də böyük qürur və məsuliyyətdir”.
Gənc idmançı Məktəblilərin Respublika İdman Olimpiadasının
iştirakçılar üçün mühüm təcrübə olduğunu da qeyd edib. O bildirib
ki, yarışın yüksək səviyyədə təşkili və idmançılara göstərilən
diqqət onun motivasiyasını daha da artırıb.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman
Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat
Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə keçirilən
Məktəblilərin Respublika İdman Olimpiadası ölkədə ilk dəfə təşkil
olunur. Olimpiada çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar
davam edir.

