
Bakı. Trend:
22 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ilə Türkmənistan Nazirlər Kabinetinin sədr müavini,
xarici işlər naziri Rəşid Meredov arasında görüş keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında dostluq,
qardaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin mövcud
vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər
yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun
ikitərəfli əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini
vurğulayıblar.
Nazirlər ticarət-iqtisadi, enerji, nəqliyyat-tranzit, logistika,
gəmiçilik, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişafı
imkanları ətrafında fikir mübadiləsi aparıblar. Bu çərçivədə,
regional bağlantıların gücləndirilməsi, Orta Dəhlizin
potensialından daha səmərəli istifadə olunmasının əhəmiyyəti qeyd
edilib.
Görüşdə beynəlxalq və regional təşkilatlar çərçivəsində
əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Tərəflər BMT və digər
çoxtərəfli platformalarda qarşılıqlı dəstək və əməkdaşlığın davam
etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və
beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan-Türkmənistan əlaqələrinin bundan sonra da
qarşılıqlı fayda və strateji tərəfdaşlıq ruhunda inkişaf
etdirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini
ifadə ediblər.

