Rumıniya sahillərində qaz tankeri partlayıb

Baş səhifə

Bakı.Trend:

Rumıniya sahillərindən təxminən 20 dəniz mili aralıda Liberiya
bayrağı altında üzən “Gas Lisbon” propan daşıyan tanker
zədələnib.

Bu barədə Rumıniya Prezidenti Nikuşor Dan rəsmi “X” hesabında
məlumat verib.

Onun sözlərinə görə, gəmi Misirin İsgəndəriyyə limanından yola
düşərək Ukraynanın Reni limanına doğru istiqamət almışdı.

Hadisədən qısa müddət sonra Rumıniyanın Dəniz Təhlükəsizliyi
Agentliyinə məxsus iki gəmi hadisə yerinə çataraq bütün ekipajı, o
cümlədən xəsarət alan üç ekipaj üzvünü təxliyə edib. Onların hamısı
salamat şəkildə sahilə çatdırılıb.




Bundan əlavə, hadisə rayonuna göndərilən yedək gəmisi tankerinin
sürüklənməsinin və gəmiçiliyin təhlükəsizliyi üçün əlavə risk
yaratmasının qarşısını almaq məqsədilə vəziyyətə nəzarət edir, deyə
prezident əlavə edib.

Bu arada, “Digi24” portalının məlumatına görə, propanla
yüklənmiş gəminin göyərtəsində partlayış baş verib.

Mənbələrin bildirdiyinə görə, gəmi böyük ehtimalla dəniz
dronunun hücumuna məruz qalıb. Həmin dronun mənşəyi hələlik məlum
deyil. Hazırda tanker yanmaqda davam edir.