Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

Baş səhifə

Bakı. Trend:

Şirkət FIRST”ə üzv qəbul edilən
ilk Azərbaycan korporativ təşkilatı oldu

“Azercell Telekom” MMC dünyanın aparıcı
kibertəhlükəsizlik təşkilatlarından biri olan “FIRST”ə (Forum of
Incident Response and Security Teams) rəsmi üzv qəbul
edilib.

Bununla da Azercell, “FIRST”ün qlobal şəbəkəsinə daxil
olan ilk və yeganə Azərbaycan korporativ üzvü olmaqla yanaşı,
ölkənin telekommunikasiya sahəsində rəsmi qeydiyyata alınmış ilk
sektoral “Telecom CERT” komandası statusunu qazanıb.

“FIRST”ə üzvlük kibertəhlükəsizlik üzrə idarəetmə sistemi,
insidentlərə operativ cavab imkanları və beynəlxalq əməkdaşlıq
potensialını əhatə edən ciddi qiymətləndirmə prosesindən sonra
təqdim olunur. Google, Microsoft, Amazon və Cisco kimi aparıcı
texnologiya şirkətlərinin də təmsil olunduğu təşkilat hazırda 118
ölkədən 874 kibertəhlükəsizlik insidentlərinə cavab verən
komandaları bir araya gətirir. Azərbaycandan “FIRST”ün üzvləri
sırasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti, Milli Kibertəhlükəsizlik Agentliyi və Azərbaycan Mərkəzi
Bankının komandaları da yer alır.

Azercell-in “FIRST”ə üzv qəbul edilməsi şirkətin
kibertəhlükəsizlik sahəsində beynəlxalq standartlara uyğun
fəaliyyət göstərdiyini və qlobal kibertəhlükəsizlik ictimaiyyətinin
etibarlı tərəfdaşı kimi tanındığını təsdiqləyir.




Bu nailiyyət Azercell-in kibertəhlükəsizlik sahəsində
uzunmüddətli və sistemli fəaliyyətinin nəticəsidir. Şirkət
fəaliyyətini Azərbaycan Respublikasının 2023–2027-ci illər üzrə
İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyasına
uyğun olaraq inkişaf etdirir, texnoloji imkanlarını davamlı şəkildə
gücləndirir.

Bu çərçivədə Azercell daxili sistemlərdə süni intellekt
texnologiyalarının tətbiqini genişləndirərək insidentlərin
avtomatlaşdırılmış təhlili, zəifliklərin aşkarlanması və risklərin
operativ qiymətləndirilməsi imkanlarını təkmilləşdirib.
Gücləndirilmiş real vaxt monitorinq mexanizmləri isə potensial
kibertəhlükələrin daha erkən aşkarlanmasına və onlara çevik
reaksiya verilməsinə şərait yaradıb.

Azercell kibertəhdidlərin aşkarlanması və rəqəmsal
təhlükəsizlik ekosisteminin mərkəzləşdirilmiş şəkildə idarə
olunması məqsədilə süni intellekt arxitekturasını tətbiq edən
Azərbaycanın ilk telekommunikasiya şirkətidir.

“FIRST”ə üzvlük Azercell-ə real vaxt rejimində qlobal
kibertəhlükələr barədə məlumat mübadiləsinə qoşulmaq, yeni yaranan
təhdidlər haqqında erkən xəbərdarlıqlar almaq, qabaqcıl beynəlxalq
təcrübədən yararlanmaq və dünyanın aparıcı kibertəhlükəsizlik
komandaları ilə birbaşa əməkdaşlıq etmək imkanı yaradır. Bu isə
kibertəhdidlərin qarşısının alınması və insidentlərə operativ cavab
imkanlarını daha da gücləndirməklə yanaşı, şirkətin şəbəkəsinin və
rəqəmsal xidmətlərinin dayanıqlığını artıracaq, eyni zamanda
ölkənin kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə
verəcək.

Şirkət kibertəhlükəsizlik sahəsinə investisiyalarını və
beynəlxalq tərəfdaşlıqlarını genişləndirərək ölkənin rəqəmsal
infrastrukturunun təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə
verməyə davam edəcək.