
Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə “Mərkəzi və
Qərbi Asiyada inklüziv və dayanıqlı artım üçün rəqəmsal
transformasiya” layihəsini nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə AİB-in rəsmi saytında
yerləşdirilən məlumatda qeyd olunub.
Bildirilib ki, layihə Azərbaycan, Ermənistan, Qazaxıstan,
Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistanı əhatə edəcək.
Bankın məlumatına görə, təşəbbüsün maliyyələşdirilməsi 1 milyon ABŞ
dolları məbləğində Texniki Yardım üzrə Xüsusi Fond hesabına həyata
keçiriləcək.
AİB qeyd edib ki, layihənin əsas məqsədi Mərkəzi və Qərbi Asiya
ölkələrində dayanıqlı iqtisadi artımı təmin etmək,
iqtisadiyyatların davamlılığını artırmaq və regional inteqrasiyanı
inkişaf etdirmək məqsədilə rəqəmsal transformasiyaya dəstək
verməkdir.
Layihə çərçivəsində rəqəmsal transformasiya, rəqəmsal və məlumat
infrastrukturlarının inkişafı, genişzolaqlı internet, elektron
hökumət, rəqəmsal bacarıqlar, məlumatların idarə olunması və
kibertəhlükəsizlik sahələrində analitik araşdırmaların aparılması
və tövsiyələrin hazırlanması nəzərdə tutulur.
Bundan əlavə, təşəbbüs rəqəmsal ictimai infrastrukturun
təkmilləşdirilməsinə, o cümlədən rəqəmsal identifikasiya, rəqəmsal
ödənişlər və təhlükəsiz məlumat mübadiləsi sistemlərinin inkişafına
dəstək göstərəcək.
Bank həmçinin ölkələrin Milli Məkan Məlumatları
İnfrastrukturunun (NSDI) inkişaf ehtiyaclarının
qiymətləndirilməsini və süni intellekt də daxil olmaqla yeni
texnologiyaların tətbiq imkanlarının araşdırılmasını
planlaşdırır.
AİB-in məlumatına görə, Mərkəzi və Qərbi Asiya ölkələri rəqəmsal
transformasiya strategiyalarını fəal şəkildə həyata keçirsələr də,
bu proses rəqəmsal infrastrukturun kifayət qədər inkişaf etməməsi,
informasiya sistemlərinin uyğunluğundakı məhdudiyyətlər, normativ
bazadakı boşluqlar və müasir rəqəmsal xidmətlərin tətbiqi üçün
institusional hazırlığın yetərli olmaması kimi amillərlə
ləngiyir.
Bank vurğulayıb ki, region ölkələrinin rəqəmsallaşma sahəsində
dəstəyə ehtiyacı son dövrlərdə əhəmiyyətli dərəcədə artıb.
Dövlətlər artıq yalnız maliyyələşdirmə deyil, həmçinin ilkin
araşdırmaların aparılması, dövlət siyasətinin hazırlanması,
institusional potensialın gücləndirilməsi və investisiya
təşəbbüslərinin formalaşdırılması ilə də maraqlanırlar.
Gözlənilir ki, layihə genişzolaqlı rabitənin, rəqəmsal
infrastrukturun, milli məkan məlumatları infrastrukturunun və
rəqəmsal ictimai xidmətlərin inkişafı üzrə gələcək investisiyaların
hazırlanmasına töhfə verəcək.
AİB bildirib ki, təşəbbüs həmçinin Mərkəzi Asiya Regional
İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) və “Asiya-Sakit Okean Rəqəmsal
Magistralı” layihəsi çərçivəsində regional əməkdaşlığın inkişafına
xidmət edəcək.
Qeyd edək ki, daha əvvəl Trend-ə müsahibəsində AİB-in baş
investisiya mütəxəssisi Əli Malik bildirib ki, bank Azərbaycanla
maliyyə sektoru üzrə də əməkdaşlıq edir və bu istiqamətin gələcəkdə
daha da inkişafında maraqlıdır.
Onun sözlərinə görə, AİB xüsusilə bərpa olunan enerji və
tullantı sularının təmizlənməsi sahələrində özəl sektorun
maliyyələşdirilməsi üçün böyük potensial görür və Azərbaycanın
bazar perspektivlərini cəlbedici hesab edir.

