
Bakı. Trend:
Ukraynanın Baş naziri Yuliya Sviridenko Prezident Volodimir
Zelenskinin Nazirlər Kabinetinin yenilənməsini elan etməsindən
sonra yaxın vaxtlarda istefa verəcəyini təsdiqləyib. O, dövlət
başçısı ilə gələcək kadr qərarlarını müzakirə etdiyini və yeni
istiqamətdə fəaliyyət göstərməyə hazır olduğunu bildirib.
Bu barədə Y.Sviridenko özünün sosial şəbəkə hesablarında məlumat
verib.
Sviridenko bildirib ki, Prezidentlə görüş zamanı dövlət
qarşısında duran çağırışları, hökumətin fəaliyyətinin
gücləndirilməsi üçün zəruri dəyişiklikləri, eləcə də Ukraynanın
beynəlxalq tərəfdaşlarla münasibətlərinin inkişafını və gələcək
addımları müzakirə edib.
“Bu gün Ukraynanın gücləndirilməsi naminə bütün qüvvə və
resursların birləşdirilməsi son dərəcə vacibdir”, – deyə o qeyd
edib.
Sviridenko göstərilən etimada və hökumət komandasının
fəaliyyətinə verilən yüksək qiymətə görə Prezidentə təşəkkürünü
bildirib. O vurğulayıb ki, Ukraynanın müasir tarixinin ən çətin
dövründə Nazirlər Kabinetinə rəhbərlik etmək onun üçün böyük şərəf
olub.
Xatırladaq ki, ötən gün Volodimir Zelenski Ukraynanın siyasi
strategiyasında dəyişiklik ediləcəyini bəyan etmiş və hökumətin
yenilənəcəyini açıqlamışdı. O, Yuliya Sviridenkoya əsas beynəlxalq
tərəfdaşla münasibətlərdə yeni mühüm istiqamətə rəhbərlik etməyi
təklif edib.

