
Bakı. Trend:
Uruqvay Futbol Assosiasiyasının prezidenti İqnasio Alonso
Uruqvay millisinin keçmiş hücumçusu Dieqo Forlanın 2027-ci ilin
mart ayına qədər müvəqqəti olaraq milli komandaya baş məşqçilik
edəcəyini açıqlayıb.
Forlan eyni zamanda gənclərdən ibarət yığmanın da baş məşqçisi
olacaq. Milli komandanın daimi baş məşqçisinin kim olacağına bu il
federasiyada keçiriləcək seçkilərdən sonra qərar veriləcək.
“İcraiyyə Komitəsi seçimini Dieqonun üzərində saxladı. Biz onu
layihəyə cəlb etmək üçün hələ 2022-ci ildə onunla görüşmüşdük. O,
işləmək üçün çox həvəslidir”, – deyə Alonso bildirib.
Beləliklə, Forlan payızda keçiriləcək oyunlarda Uruqvay
millisinin başında olacaq, gənclərdən ibarət U-20 yığması ilə isə
2027-ci ilin yanvarında keçiriləcək Amerika Kubokunda iştirak
edəcək.
Dieqo Forlan futbolçu karyerası ərzində “Vilyarreal”, “Mançester
Yunayted”, “Atletiko Madrid”, “İnter” kimi məşhur klubların
şərəfini qoruyub, 2002-2014-cü illərdə Uruqvay millisinin heyətində
112 oyunda meydana çıxaraq 36 qol vurub. O, 2010-cu il dünya
çempionatının ən yaxşı futbolçusu seçilib və Avropa
çempionatlarının ən məhsuldar bombardiri kimi iki dəfə “Qızıl buts”
mükafatına layiq görülüb. Futbolçu karyerasını başa vurduqdan sonra
Forlan “Penyarol” da daxil olmaqla bir neçə klubda baş məşqçi kimi
çalışıb.

