KİV həmrəylik səslərini gücləndirə bilər – Beynəlxalq Siqh Federasiyası

Baş səhifə

Bakı.Trend:

Kütləvi informasiya vasitələri həmrəylik səslərini gücləndirə
bilər.

Trend-in tədbirdə
iştirak edən müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən “Media
və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər”
mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə
Beynəlxalq Siqh Federasiyasının sədri Moninder Sinqh deyib.

“Müasir dünyada kütləvi informasiya vasitələri həm müsbət, həm
də son dərəcə mənfi rol oynaya bilər. KİV bütöv narrativlər
formalaşdırmaq gücünə malikdir və bu narrativlər xalqların və milli
azlıqların demonizasiyasına, daha sonra isə dövlət strukturları
tərəfindən onlara qarşı zorakılığa gətirib çıxara bilər”, – deyə o
bildirib.

M.Sinqh qeyd edib ki, KİV həmçinin həmrəylik səslərini
gücləndirə, öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizə
aparanların səsinin eşidilməsinə və tanınmasına kömək edə
bilər.

“Dekolonizasiya məsələlərinə həsr olunmuş və Bakıda keçirilən
beynəlxalq konfrans bu gün də kolonializmin nəticələrini yaşayan
müxtəlif icmaların vəziyyətinin müzakirəsi üçün çox mühüm
platformadır. Bu xalqlar öz müqəddəratını təyinetmə hüququnu həyata
keçirməklə azadlığa can atırlar. Bu gün burada iştirak edən siqh
xalqının nümayəndələri üçün də bu konfrans böyük əhəmiyyət daşıyır.
Biz həm forumun özünü, həm də burada müxtəlif xalqlar arasında
formalaşan həmrəylik mühitini yüksək qiymətləndiririk”, – deyə o
vurğulayıb.

Qeyd edək ki, bu konfrans Azərbaycanda ilk dəfə olaraq
müstəmləkə ərazilərinin media nümayəndələrinin iştirakı ilə təşkil
edilən belə bir platforma olub.

Tədbirdə keçmiş və hazırkı müstəmləkə ərazilərinin media
qurumlarının rəhbərləri və nümayəndələri, jurnalistlər, siyasi
şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və
kommunikasiya sahəsində ekspertlər, vətəndaş cəmiyyəti
institutlarının təmsilçiləri, tədqiqatçılar, diplomatlar, dövlət
qurumlarının nümayəndələri, eləcə də yerli KİV təmsilçiləri iştirak
ediblər.

Konfrans çərçivəsində iştirakçılar neokolonial istismara məruz
qalan və müstəmləkə asılılığı şəraitində yaşayan xalqların və etnik
azlıqların səsinin beynəlxalq informasiya məkanında daha güclü
eşidilməsi məsələsində kütləvi informasiya vasitələrinin rolu və
onların qarşısında duran çağırışları müzakirə ediblər.