
Bakı. Trend:
Gürcüstanın hüquq mühafizə orqanlarının əməkdaşları həyata
keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində
Tbilisidə azərbaycanlı qadın Fatimə Kərimovanın qətlə yetirməkdə
təqsirləndirilən şəxsi Batumi Beynəlxalq Hava Limanında
saxlayıblar.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Təqsirləndirilən şəxsin saxlanılması Türkiyə və Azərbaycan
hüquq-mühafizə orqanlarındakı həmkarlarla sıx koordinasiya
şəraitində, həmçinin Gürcüstan polisinin Türkiyədəki attaşesinin
birbaşa iştirakı ilə həyata keçirilib.
Məlumata görə, təqsirləndirilən şəxs cari ilin 27 iyun tarixində
Tbilisidə müvəqqəti yaşadığı mənzildə qohumuna (xalası qızına)
həyat üçün təhlükəli xəsarətlər yetirib. Zərərçəkən aldığı
xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Polis hadisədən dərhal sonra həyata keçirilən operativ tədbirlər
və istintaq hərəkətləri nəticəsində şübhəlinin şəxsiyyətini
operativ şəkildə müəyyən edib və onun barəsində axtarış elan
olunub.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu
(ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə aparılır.
Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını
nəzərdə tutur.

