Kütləvi informasiya vasitələri şüurun dekolonizasiyası prosesində mühüm rol oynayır – Voice of Congo

Baş səhifə

Bakı.Trend:

Kütləvi informasiya vasitələri şüurun dekolonizasiyası
prosesində strateji əhəmiyyətli mövqe tutur.

Trend-in tədbirdə
iştirak edən müxbiri xəbər verir ki, bunu “Voice of Congo” baş
direktoru Aunda Monziya (Cedrick Monzia Aundu) Bakıda keçirilən “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər”
mövzusunda beynəlxalq konfransda bildirib.

“Dekolonizasiyadan danışarkən söhbət təkcə ərazi işğalına son
qoyulmasından getmir. Buraya həm də şüurun və informasiya məkanının
dekolonizasiyası daxildir. Bu gün kütləvi informasiya vasitələri bu
transformasiya prosesində strateji əhəmiyyətli yer tutur. Onlar ya
mövcud stereotiplərin yayılmasını davam etdirə, ya da baş verənlər
barədə daha ədalətli təsəvvürün formalaşmasına töhfə verə
bilərlər”, – deyə o bildirib.

Monziya qeyd edib ki, hazırda jurnalistlərin artıq yeganə
informasiya mənbəyi olmadığı rəqəmsal dövr yaşanır. İnformasiya
məkanında yeni iştirakçılar kateqoriyası – rəqəmsal kontent
yaradıcıları meydana çıxıb.




“Jurnalistlər olaraq biz müstəmləkəçilik haqqında məlumatların
yayılmasının yeni formalarının meydana çıxması ilə üz-üzəyik. İlk
növbədə, qeyd edilməlidir ki, kütləvi informasiya vasitələri
müstəmləkəçiliyin həyata keçirilməsində mühüm rol oynayıb və əksər
hallarda müstəmləkəçi dövlətlərdən qaynaqlanan informasiyanı yayıb.
Bu gün isə bizim məsuliyyətimiz ədaləti bərpa etmək, həmçinin
marginallaşdırılmış xalqlar və onların yerli mədəniyyəti haqqında
həqiqətləri ictimaiyyətə çatdırmaqdır”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər”
mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Konfrans Azərbaycanda ilk dəfə olaraq müstəmləkə altında olmuş
və hazırda müstəmləkə statusunda olan ərazilərin media
nümayəndələrinin iştirakı ilə təşkil edilən belə bir
platformadır.

Konfransda keçmiş və mövcud müstəmləkə ərazilərindən media
qurumlarının rəhbərləri və nümayəndələri, jurnalistlər, siyasi
şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və
kommunikasiya sahəsində ekspertlər, vətəndaş cəmiyyəti
institutlarının nümayəndələri, tədqiqatçılar, diplomatlar, dövlət
qurumlarının nümayəndələri, eləcə də yerli KİV nümayəndələri
iştirak edirlər.