Azərbaycan Monteneqronun qəsdən adam öldürmə işi üzrə hüquqi yardım sorğusunu icra edib

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikası Baş Prokurorluğu Monteneqro
Respublikasından daxil olmuş qəsdən adam öldürmə cinayət işi üzrə
hüquqi yardım sorğusunu icra edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, İstintaq
idarəsi tərəfindən EUROJUST vasitəsilə Monteneqro Respublikasının
Ali Prokurorluğundan xüsusilə ağır cinayətə dair daxil olmuş hüquqi
yardım sorğusu yerinə yetirilib.

Məlumata görə, sorğu Monteneqro ərazisində baş vermiş qəsdən
adam öldürmə faktı üzrə aparılan cinayət təqibi çərçivəsində təqdim
olunub.

Müraciətdə cinayəti törətməkdə şübhəli bilinən 1970-ci il
təvəllüdlü Rövşən Səmədovdan, həmçinin cinayətin törədilməsindən
sonra onun gizlədilməsinə kömək etməkdə şübhəli bilinən 2001-ci il
təvəllüdlü Sirudin Şərifovun yaxın qohumlarından, eləcə də hadisə
yerindən və cinayət işi üçün əhəmiyyət kəsb edən digər obyektlərdən
götürülmüş bioloji nümunələrin müqayisəli tədqiqi məqsədilə DNT
nümunələrinin götürülməsi və digər prosessual hərəkətlərin həyata
keçirilməsi xahiş olunub.




Sorğunun icrası zamanı əlaqəli şəxslərdən izahatlar alınıb,
müvafiq şəxslərdən bioloji nümunələr götürülərək DNT tədqiqatı
aparılıb və DNT profilləri əldə edilib.

Toplanmış sənədlər və ekspertiza materialları beynəlxalq hüquqi
əməkdaşlıq çərçivəsində müəyyən edilmiş qaydada Monteneqro
Respublikasının səlahiyyətli orqanına göndərilib.

Baş Prokurorluq bildirib ki, Azərbaycan transmilli
cinayətkarlıqla mübarizə, cinayət işləri üzrə hüquqi yardımın
göstərilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi
istiqamətində xarici dövlətlərin səlahiyyətli orqanları, o cümlədən
EUROJUST və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam
etdirir.