
Bakı. Trend:
Kabo-Verde millisinin müdafiəçisi Roberto Lopes etiraf edib ki,
ölkə yığmasına iş axtarışı üçün nəzərdə tutulmuş tətbiq vasitəsilə
dəvət alıb.
Reuters-in məlumatına görə, Kabo-Verde Futbol Assosiasiyası
onunla LinkedIn sosial şəbəkəsi üzərindən əlaqə saxlayıb.
İrlandiyada doğulan futbolçu (atası Kabo-Verdedə doğulub)
portuqal dilində göndərilən ilk mesajı spam hesab etdiyi üçün ona
əhəmiyyət verməyib.
“Doqquz ay sonra onlar mənə yenidən, bu dəfə ingilis dilində
yazdılar və Kabo-Verde millisində oynamaq təklifi üzərində
düşünüb-düşünmədiyimi soruşdular. Yalnız bundan sonra əvvəlcədən
etməli olduğum şeyi etdim – ilk mesajı “Google Translate”
vasitəsilə tərcümə etdim. Sosial şəbəkə vasitəsilə ünsiyyət
saxlamaq olduqca qəribə yanaşma idi. Sonradan mənə izah etdilər ki,
klubumla əlaqə yaratmaqda çətinlik çəkiblər. Qarşımda belə bir
imkanın yarandığını anlayandan sonra ilk andan bu fikri dəstəklədim
və bütün zəruri sənədlərin hazırlanması üzərində işləməyə
başladıq”, – deyə Lopes bildirib.
Xatırladaq ki, Kabo-Verde millisi 2026-cı il dünya çempionatında
çıxışını 1/16 final mərhələsində əlavə vaxtda Argentinaya 2:3
hesabı ilə məğlub olaraq başa vurub.

