
Bakı. Trend:
ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanın
2028-ci ilədək neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb.
Bu barədə EIA-nın 2026-cı ilin iyul ayı üzrə qısamüddətli enerji
proqnozunda bildirilib.
“Məlumata görə, Azərbaycanda neft və digər maye
karbohidrogenlərin hasilatının 2026-cı ildə orta hesabla sutkada
0,55 milyon barel, 2027-ci ildə isə 0,52 milyon barel təşkil
edəcəyi gözlənilir.
Bununla da EIA əvvəlki hesabatla müqayisədə Azərbaycan üzrə neft
hasilatı proqnozunu dəyişməz saxlayıb.
Proqnoza əsasən, göstərici 2025-ci il üzrə qiymətləndirilən
sutkada 0,57 milyon barel səviyyəsi ilə müqayisədə azalacaq.
EIA-nın qiymətləndirməsinə görə, hasilat cari ilin birinci
rübündə orta hesabla sutkada 0,56 milyon barel olub, ikinci rübdə
isə 0,55 milyon barelə enib. Üçüncü və dördüncü rüblərdə hasilatın
sutkada 0,54 milyon barel səviyyəsində olacağı gözlənilir.
2027-ci ildə də oxşar dinamika proqnozlaşdırılır. Belə ki,
birinci rübdə hasilatın sutkada 0,53 milyon barel, ikinci və üçüncü
rüblərdə 0,52 milyon barel, dördüncü rübdə isə 0,51 milyon barel
olacağı gözlənilir”.
Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyinin məlumatına
görə, 2025-ci ildə ölkədə qaz kondensatı da daxil olmaqla 27,7
milyon ton neft hasil edilib. Bunun 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının, 3,8 milyon tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu
isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə qaz kondensatı da daxil olmaqla 23,1 milyon ton
neft ixrac olunub. Bunun 20 milyon tonunu konsorsiumlar, 2,5 milyon
tonunu SOCAR, 0,6 milyon tonunu isə JOCAP həyata keçirib.

