
Bakı. Trend:
Son sorğuların nəticələrinə əsasən, Prezident İlham Əliyevə rəyi
soruşulanların etimad səviyyəsi 87.7 faizdir. İnsanların 93.6 faizi
dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirir, 81.9 faiz isə
onu alternativsiz siyasi lider hesab edir. Prezident İlham Əliyevə
böyük etimadı şərtləndirən amillər müdrik və uzaqgörən siyasət
yürütməsi, Azərbaycan xalqının maraqlarını hər şeydən uca tutması,
milli maraqlarımızı qətiyyətlə və prinsipiallıqla müdafiə etməsi,
öz gücünü xalqdan alması, ona güvənməsi, xalqın iradəsini ifadə
etməsi və xalqın ona olan sonsuz etimadı, qətiyyətli Lider
xüsusiyyətləri, güclü Lider kimi həm ölkəmizdə, həm də dünyada
böyük nüfuz sahibi olmasıdır. Eyni zamanda, Azərbaycanın hərtərəfli
inkişafı, güclü iqtisadiyyata, orduya malik, özü-özünü təmin edən
ölkəyə çevrilməsi, Cənubi Qafqazın aparıcı dövləti, qlobal
səviyyədə öz sözünü deyən, prinsipial mövqeyə malik, müstəqil
siyasət yürüdən ölkə statusu qazanması və yüksək beynəlxalq nüfuza
malik olması, Vətən müharibəsində tarixi Qələbə, Azərbaycanın ərazi
bütövlüyünün və tam suverenliyinin bərpa edilməsi, dünyada
münaqişələrin, qarşıdurmaların daha da artdığı bir dövrdə
Azərbaycanda sabitliyin, təhlükəsizliyin yüksık səviyyədə təmin
olunması və sairdir.
Qeyd etdiyimiz amillərin fonunda bu reallıq bir daha təsdiqlənir
ki, hər bir ölkənin inkişafında, sabaha böyük inamla addımlamasında
Lider amili və onun müəyyənləşdirdiyi düzgün siyasət, inkişaf
strategiyası dayanır. Məsələyə məhz bu kontekstdən yanaşdıqda
Azərbaycanın xoşbəxt ölkələr sırasında yer almasını aydın şəkildə
görmək mümkündür. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf
yolu mühüm uğurlarla, zəfərlərlə xarakterizə olunur. Düşünülmüş və
gələcəyə hesablanmış siyasət nəticəsində Azərbaycan müstəqil dövlət
kimi varlığını, sözünün imzası qədər əhəmiyyətli olduğunu
təsdiqlədi, ədalətin, beynəlxalq hüququn yanında olduğunu
qətiyyətli mövqeyi, müstəqil siyasəti ilə sübut etdi və bu inamı
hər zaman ifadə etdi ki, ədalət gec-tez zəfər çalacaq. Bu gün
Azərbaycan qazandığı zəfərlərlə, onun yaratdığı reallıqlarla
dünyanın diqqət mərkəzindədir. Yeni dünya nizamının formalaşdığı,
həmçinin yeni iqtisadi və sosial çağırışların, texnoloji
gündəliyin, iqlim dəyişmələrinin yaratdığı problemlərin, dünyanın
xarici siyasət gündəliyinin və sair kimi biri-birindən mühüm
məsələlərin Azərbaycanda müzakirə edildiyi bir zamanda ölkəmizin
mövqeyinə, yanaşmalarına xüsusi önəm verilməsi Heydər Əliyev
siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham
Əliyevin müəllifi olduğu inkişafın Azərbaycan modelinin
təqdimatıdır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə
mediaya açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin
sistemli və ardıcıl strateji kursu ölkəmizin hərtərəfli inkişafını
təmin edir. İnsan amilinə, vətəndaş məmnunluğunun təmin edilməsinə
verilən önəm Prezident-xalq birliyinin, həmrəyliyinin
möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Bu reallığı hər zaman
böyük qürur hissi ilə, əminliklə qeyd edirik ki, əgər Ulu Öndər
Heydər Əliyev xilaskarlıq missiyasını böyük məharətlə yerinə
yetirərək Azərbaycan dövlətçiliyini, müstəqilliyimizi qoruyub daimi
və sarsılmaz etmişdirsə, Prezident İlham Əliyev bu müstəqilliyi
daha da möhkəmləndirdi, ölkəmizi regionun lider dövlətinə çevirdi,
Azərbaycanın dünya siyasətində rolunu və mövqeyini möhkəmləndirdi,
adını tariximizə torpaqlarımızın xilaskarı kimi yazdırdı. Tarixi
Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası son
22 ildən artıq dövrdə Prezident İlham Əliyevin gördüyü nəhəng
işlərin təqdimatıdır. İlham Əliyevin Prezident kimi jurnalistlərə
ilk müsahibəsində ona ünvanlanan “Sizcə, Sizi asan işlər gözləyir,
yoxsa çətin” sualına cavabı bugünkü reallıqlarda özünün aydın
ifadəsini tapir. Belə ki, dövlətimizin başçısı cavabında qeyd
etmişdi ki, həm asan, həm də çətin. Asan o mənada ki, artıq
Azərbaycanda ölkəmizi hərtərəfli inikşaf etdirmək üçün gözəl zəmin
yaranıbdır. On il ərzində Heydər Əliyevin siyasəti Azərbaycanda çox
güclü bir təməl qoyubdur. Bu təməlin üzərində gözəl binanın inşa
edilməsi asan görünə bilər. Amma eyni zamanda həyat yerində durmur.
Yeni tələblər çıxır, qarşımıza yeni vəzifələr çıxır. Əlbəttə, yəqin
çətinliklər də olacaqdır. Amma mən bu çətinliklərə hazıram. Əgər
mən özümdə belə bir hazırlıq görməsəydim, heç vaxt bu yolla
getməzdim. Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Bu əminliyi
də ifadə etmişdi ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran
bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan
xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı
Prezident olacağam.
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin hər bir
vədinin əməldə öz təsdiqini tapması ötən illərin reallıqlarıdır.
Son 22 ildən artıq dövrdə ölkədə keçirilən 2008, 2013, 2018 və
2024-cü il prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi
xalqın öz Prezidentinə sonsuz inamının, etimadının göstəricisidir.
Ərazi bütövlüyümüzün və suverenliyimizin yaratdığı yeni reallıqlar
fonunda müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə
ərasisində keçirilən 2024-cü il prezident seçkiləri dövlət
başçısının 2003-2023-cü illərdə verdiyi hər bir vədinin əməli
fəaliyyəti ilə doğrultduğunun nümayişi oldu. Ümummilli Lider Heydər
Əliyev xalqa müraciət edərkən İlham Əliyevə Özü qədər inandığını,
gələcəyinə böyük inam bəslədiyini, axıra çatdıra bilmədiyi işləri
Onun axıra çatdıracağına əminliyini ifadə etmişdi. Elə də oldu.
Azərbaycanı bütün sahələrdə uğurla inkişaf etdirən, haqq səsimizi
ən yüksək tribunalardan bütün dünyaya bəyan edən, ordumuzu Qələbəyə
hazırlayan Prezident, Ali Baş Komandan İlham Əliyevin “Nəyi necə və
nə zaman etmək lazımdır bilirəm” çağırışı addım-addım hədəflərə
doğru irəliləməyin və zamanında onlara nail olmağın təqdimatı, ən
əsası yol xəritəsi oldu. Azərbaycan gücləndi, qüdrətləndi,
torpaqlarımızı işğaldan azad etmək imkanlarına malik ordu
formalaşdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı və
sonda tarixi Zəfərə imza atıldı. Bu illər ərzində iqtisadiyyatın
dinamik inkişafı, makroiqtisadi sabitlik təmin edildi, enerji
diplomatiyasının uğurları fonunda iqtisadiyyatın şaxələndirilməsinə
nail olundu, həyata keçirilən Dövlət proqramları bütün bölgələrin
hərtərəfli, tarazlı sosial-iqtisadi tərəqqisinə və qeyri-neft
sektorunun inkişafına yol açdı. Prezident İlham Əliyevin milli
inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və
innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq
cəmiyyətin təmin edilməsinə əsaslandı.
Milli Məclisin deputatı bildirib ki, iqtisadi müstəqilliyin
təmin edilməsi ölkəmizin siyasi mövqeyinin möhkəmlənməsində
əhəmiyyətli rol oynayır. Azərbaycan yeni dostlar, tərəfdaşlar
qazanır. Etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bu gün
artıq regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji
təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycan ən mühüm
üstünlüyü olan coğrafi mövqeyindən səmərəli istifadə edərək yeni
körpülər qurmaqla, müasir infrastruktur layihələri icra etməklə
ölkələri, xalqları birləşdirən körpü roluna yeni əlavələr edir.
Prezident İlham Əliyevin çağırışlarında bu məqam xüsusi vurğulanır
ki, biz yeni körpülər qurmalıyıq.
Şübhəsiz ki, Azərbaycanın qazandığı uğurları, Prezident İlham
Əliyevin bütün sahələrin kompleks inkişafını özündə ehtiva edən
inkişaf strategiyasının nailiyyətlərini, qarşıdakı dövrün
hədəflərini və onlara çatmağın yollarını özündə birləşdirən Dövlət
proqramlarının, Milli Prioritetlərin xronologiyasını bir yazıda
əhatə etmək çətindir. Atılan hər bir addım tarixi Zəfərə,
suverenliyimizin bərpasına hədəfləndi, hazırkı dövrdə isə azad
edilmiş ərazilərimizin bərpası, Böyük Qayıdış Proqramının icrası
prioritetdir. Azad Qarabağda və azad Şərqi Zəngəzurda Azərbaycan
Bayrağını ucaldan Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda
bu torpaqlarımız təkmil dirçəliş modelini dünyaya təqdim edir.
Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə Azərbaycan
tarixində, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun
yazdığı Zəfər tarixi hər birimizi qürurlandırır, sabaha daha böyük
inamla addımlamağa stimul verir. Bu gün Azərbaycan xalqı müzəffər
xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Artıq
paytaxt Bakı ilə yanaşı, azad edilmiş torpaqlarımız diplomatik
mərkəz kimi dünyanın diqqətindədir. Azərbaycanın COP29 iqlim
konfransının ardınca Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyasına ev sahibliyi etməsi Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizin hər bir sahədə qazandığı təcrübənin, beynəlxalq
münasibətlər sistemində artan rolunun, nüfuzunun göstəricisidir. Bu
gün dünya Azərbaycanın sülh təcrübəsindən bəhs edir. Prezident
İlham Əliyevin regionda dayanıqlı sülhə və təhlükəsizliyə verdiyi
töhfələr beynəlxalq miqyasda təqdir edilir.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan xalqının Liderinə
sevgisi, inamı, etimadı sonsuzdur. Prezident İlham Əliyevin hər
zaman çıxışlarında qeyd etdiyi kimi, bu illər uğurlarla dolu,
qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də
oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün
çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə
uğurla gedirdi. Dövlət başçısı, həmçinin bildirir ki, 2003-cü ildə
verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün
nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi
inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz
doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz
taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri
özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll
edirik.

