
Bakı. Trend:
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizdə
səfərdə olan Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin
rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzinin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud
əməkdaşlıq sahələri, o cümlədən gələcək fəaliyyət istiqamətləri
müzakirə olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu ilə Vatikan Apostol
Kitabxanası və Apostol Arxivi arasında əməkdaşlıq 2012-ci ildən
etibarən həyata keçirilir.
Görüşdə Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və
Apostol Arxivi arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri,
gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr və
təşəbbüslər, həmçinin Vatikan arxivindəki fondların rəqəmsal
mühafizəsi sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə
olunub.
Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri
arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın ötən il Müqəddəs Taxt-Taca səfəri
çərçivəsində Vatikan Apostol Kitabxanası və Apostol Arxivini
ziyarət etdiyini xatırladaraq, ötən illər ərzində Azərbaycan və
Vatikan arasında, eləcə də Heydər Əliyev Fondu ilə geniş
əməkdaşlığın qurulduğunu bildirib.
Qonaq Azərbaycana səfəri zamanı bir sıra qurumlarda görüşlər
keçirildiyini, müzakirələr zamanı Vatikan kolleksiyalarında
Azərbaycanla bağlı qorunan nadir əlyazmaların müəyyənləşdirilməsi,
təhlili, tərcüməsi və rəqəmsallaşdırılması məsələlərinin diqqət
mərkəzində olduğunu deyib.
Bildirilib ki, Heydər Əliyev Fondu ilə Vatikan Apostol
Kitabxanası və Apostol Arxivi ilə əməkdaşlıq çərçivəsində
əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılmasına dair
mövcud müqavilə üzrə Azərbaycanın tarixi və mədəni irsi, eləcə də
türkdilli xalqların irsi ilə bağlı əhəmiyyətli əlyazmaların bərpası
və rəqəmsallaşdırılması həyata keçirilib.
Ötən il Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası
və Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında imzalanan
anlaşma memorandumuna uyğun olaraq 2026-cı ildə azərbaycanlı
alimlərdən ibarət nümayəndə heyətinin Vatikanda tədqiqatlar
aparması nəzərdə tutulur. Tədqiqatlar Cənubi Qafqaz və Azərbaycan
tarixi, eləcə də Ağqoyunlu və Səfəvi hökmdarlarının Roma papaları
ilə diplomatik əlaqələrinə dair materialları əhatə edəcək.
Eyni zamanda, gələcəkdə azərbaycanlı tələbələrin Vatikanda
kitabxanaçılıq və arxiv sahələri üzrə təhsil alma imkanları da
müzakirə olunub.
Görüş zamanı Vatikan nümayəndə heyətinə Azərbaycan xalçası
hədiyyə olunub. Qonaqlar isə Vatikan arxivində XX əsrin əvvəlində
Azərbaycan tarixinə aid saxlanılan sənədin surətini hədiyyə
ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Vatikan
Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop
Monsenyor Covanni Çezare Paqatzi, həmçinin Heydər Əliyev
Mərkəzindəki sərgilərlə tanış olublar. Klassik avtomobillər
sərgisinə ziyarət zamanı Heydər Əliyev Mərkəzinin direktoru,
Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov
müxtəlif dövrlərə aid avtomobillər barədə qonağa ətraflı məlumat
verib. Daha sonra qonaqlar su ehtiyatlarının qorunmasına çağırış
edən “Mənim dənizlərim, mənim okeanlarım” sərgisi ilə tanış
olublar. Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin
Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü
ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və
həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin
itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri
təqdim edilir. Əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün
mənbəyi kimi təsvir olunur.

