Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfə yeni mərhələyə qədəm qoyur – Şərh

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və onun Parlament
İttifaqı çərçivəsində fəal iştirakı ölkəmizin İslam dünyasında
artan nüfuzunun və beynəlxalq əməkdaşlığa verdiyi töhfənin
göstəricisidir.

Bunu Trend
açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk
Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü
Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin İslam Əməkdaşlıq
Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının
20-ci Sessiyasının iştirakçılarına müraciətində əks olunan məqamlar
Azərbaycanın İslam dünyasında oynadığı mühüm rolu bir daha
təsdiqləyir.

Deputat bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində
müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi, ortaq
maraqların müdafiəsi və əməkdaşlığın genişləndirilməsi xüsusi
əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan son illər yalnız regional
deyil, həm də İslam dünyasının mühüm siyasi və diplomatik
mərkəzlərindən birinə çevrilib.

“Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament
İttifaqı çərçivəsində fəaliyyəti təkcə təşkilatdaxili
münasibətlərlə məhdudlaşmır. Ölkəmiz uzun illərdir ki, İslam
həmrəyliyinin möhkəmləndirilməsi, parlament diplomatiyasının
inkişaf etdirilməsi və üzv dövlətlər arasında siyasi, iqtisadi və
humanitar əlaqələrin genişləndirilməsi istiqamətində fəal rol
oynayır. Bu fəaliyyət nəticəsində Azərbaycan İslam dünyasında
etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi nüfuz qazanıb”, – deyə
o qeyd edib.

V.İskəndərov vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı
Azərbaycanın milli maraqlarının müdafiəsində hər zaman prinsipial
mövqe sərgiləyib.

“Ermənistanın işğalçılıq siyasətinin qınanması, Azərbaycanın
suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək verilməsi, eləcə də
işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa
proseslərinin alqışlanması bunun bariz nümunələridir. Təşkilatın
müxtəlif qətnamə və bəyanatlarında bu məsələlərin öz əksini
tapması, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı
yaradılmış Təmas Qrupunun fəaliyyəti İslam dünyasının ölkəmizə
göstərdiyi həmrəyliyin konkret ifadəsidir”, – deyə deputat
bildirib.

Onun sözlərinə görə, otuz ilə yaxın davam etmiş işğal dövründə
Azərbaycan torpaqlarında təkcə yaşayış məntəqələri deyil, həm də
zəngin dini və mədəni irs məqsədli şəkildə dağıdılıb.

“Şəhər və kəndlərin viran qoyulması ilə yanaşı, 67 məsciddən
65-nin məhv edilməsi faktı Ermənistanın yalnız Azərbaycana deyil,
bütövlükdə İslam mədəniyyətinə qarşı yönəlmiş vandalizm siyasətini
ortaya qoyur. Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən
genişmiqyaslı bərpa layihələri isə Azərbaycanın öz tarixi və dini
irsinə verdiyi dəyərin göstəricisidir”, – deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq gündəmdə xüsusi
diqqət yetirdiyi məsələlərdən biri də islamofobiya ilə
mübarizədir.

“Son illər dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı
ayrı-seçkilik halları, dini nifrətin təşviqi və müqəddəs dəyərlərin
təhqir olunması ciddi narahatlıq doğurur. Azərbaycan bu təhlükəni
qlobal çağırış kimi qiymətləndirərək beynəlxalq ictimaiyyətin
diqqətini problemin həllinə yönəltməyə çalışır. Eyni zamanda bəzi
Qərb siyasi dairələrinin, o cümlədən müəyyən Avropa institutlarının
İslamı ekstremizm və terrorizmlə əlaqələndirməyə hesablanmış
qərəzli yanaşmaları haqlı olaraq tənqid edilir”, – deyə
V.İskəndərov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın fərqləndirici
xüsusiyyətlərindən biri də İslam dəyərlərinə sadiqliyi dinlərarası
və mədəniyyətlərarası dialoq siyasəti ilə uzlaşdırmasıdır.

“Ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə
İslam dünyasının mədəni və iqtisadi əməkdaşlığının
gücləndirilməsinə mühüm töhfələr verir. Bu siyasət Azərbaycanın həm
İslam aləmində, həm də daha geniş beynəlxalq platformalarda
nüfuzunu artırır”, – deyə deputat bildirib.

V.İskəndərov sonda qeyd edib ki, Azərbaycanın 2027-ci ildə İslam
Əməkdaşlıq Təşkilatına sədrliyi öz üzərinə götürməsi xüsusi
əhəmiyyət daşıyır.

“Bu mərhələ ölkəmizə İslam həmrəyliyinin daha da
möhkəmləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın yeni
səviyyəyə yüksəldilməsi və dayanıqlı inkişaf naminə birgə
fəaliyyətin genişləndirilməsi istiqamətində əlavə imkanlar
yaradacaq. Azərbaycanın indiyədək nümayiş etdirdiyi prinsipial
mövqe və uğurlu təcrübə göstərir ki, ölkəmiz bu məsul missiyanı da
yüksək səviyyədə yerinə yetirəcək”, – deyə o fikrini
yekunlaşdırıb.