Pekində Müstəqillik Günü qeyd edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Pekində 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul
təşkil olunub.

Azərbaycanın Çindəki səfirliyindən Trend-ə verilən məlumata
görə, səfirliyin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi
ilə keçirilən tədbirdə Çin rəsmiləri, Pekindəki diplomatik
missiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak
ediblər.

Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov çıxış edərək, Asiya ilə
Avropanın kəsişməsində, əlverişli coğrafi mövqedə yerləşən
Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynadığını
vurğulayıb. Qeyd edib ki, iki ölkə arasındakı əlaqələrin tarixi
qədim İpək Yolu dövrünə gedib çıxır.

Diplomat 1994-cü ildə xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin Çinə rəsmi səfəri ilə əsası qoyulan yüksəksəviyyəli siyasi
dialoqun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf
etdirildiyini və ikitərəfli əlaqələrimizin hərtərəfli strateji
tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb. O, dövlət
başçıları İlham Əliyev və Si Cinpin arasında təşəkkül tapmış
qarşılıqlı etimad və dostluq münasibətlərinin siyasi, iqtisadi,
hərbi, humanitar, mədəni və digər sahələrdəki hazırkı yüksək
inkişaf dinamikasının əsasını təşkil etdiyini bildirib.

“Azərbaycan Çin texnologiyalarını özünün enerji keçidini
sürətləndirməkdə mühüm element kimi görür. Ölkələrimizin strateji
yaxınlaşması, həmçinin Cənubi Qafqaz regionunda davamlı inkişafın,
innovasiya və infrastruktur bağlantısının yeni və keyfiyyətli
tərəfdaşlığın təməlini təşkil edir. Ölkələrimiz sadəcə tərəfdaş
deyil, həm də regionda ticarət, texnologiya və davamlı inkişafın
yeni arxitekturasının həmtəsisçiləridir”, – deyən səfir Bünyad
Hüseynov əlavə edib ki, rəqəmsal iqtisadiyyat, süni intellekt,
bərpaolunan enerji, “ağıllı şəhər”lərin inkişafı, sənaye
parklarının yaradılması, Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı
məhsullarının Çin bazarına ixracı üçün müasir aqrotexnologiya
layihələrinə birgə investisiyaların qoyulması perspektivli
istiqamətlərdəndir.

“Kəmər və yol” təşəbbüsü çərçivəsində əməkdaşlıqdan danışan
diplomat Azərbaycanın Çindən sonra həm ölkə daxilində, həm də
xaricdə bu qlobal təşəbbüsün həyata keçirilməsinə ən çox vəsait
yatıran ikinci ölkə olduğunu diqqətə çatdırıb. Bildirib ki,
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən
Azərbaycan Çin ilə Avropa arasında ticarət və iqtisadi əlaqələrin
genişləndirilməsi üçün etibarlı logistika mərkəzinə çevrilir.
Azərbaycan Prezidenti tərəfindən Zəngəzur dəhlizinin uzun illər
sonra yenidən açılması təşəbbüsü gələcəkdə “Kəmər və yol”
layihəsinə ölkəmizin növbəti töhfəsi olacaq.

Səfir Bünyad Hüseynov iki ölkə arasında mədəni-humanitar
əlaqələrdən danışaraq, çinli tələbələrin Pekin Xarici Dillər
Universitetində Azərbaycan dilini öyrəndiyini, Azərbaycanın ali
məktəblərində isə Konfutsi institutlarının uğurla fəaliyyət
göstərdiyinii bildirib.

Azərbaycan mədəniyyətinin Çində, Çin mədəniyyətinin isə
Azərbaycanda təbliğinə yönəlmiş çoxsaylı tədbirlərin xalqların
biri-birinə daha da yaxınlaşması üçün zəmin yaratdığını vurğulayan
diplomat Heydər Əliyev Fondunun Azərbaycan ilə Çin arasında
humanitar sahədə əməkdaşlığın genişləndirilməsində oynadığı xüsusi
roldan da danışıb. Fond Çində olan tərəfdaşları, xüsusilə Xarici
Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birlikdə müxtəlif
layihələri uğurla həyata keçirirlər.

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Sun
Lincian çıxışında Çin Xarici İşlər Nazirliyinin təbriklərini
çatdırıb.

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz milli
xüsusiyyətlərinə uyğun inkişaf yolu ilə ardıcıl irəliləyiş əldə
edib, ölkədə iqtisadi sabitlik, sosial dinamizm və xalqın rifahı
təmin olunub, eyni zamanda, onun beynəlxalq nüfuzu sürətlə artmaqda
davam edir. Yaxşı dost və tərəfdaş kimi Çin bundan məmnundur”, –
deyən xüsusi nümayəndə əmin olduğunu bildirib ki, zəhmətkeş
Azərbaycan xalqı milli inkişaf yolunda daha böyük uğurlar
qazanacaq.

Çin və Azərbaycan arasında qədim ənənələrə malik və daim inkişaf
edən dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan Sun
Lincian son illər dövlət başçıları İlham Əliyevin və Si Cinpinin
strateji baxışları ilə istiqamətləndirilən ikitərəfli
münasibətlərimizin sürətlə inkişaf edərək, hərtərəfli strateji
tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib. Çinin iki lider
arasında əldə olunan razılaşmaların tam şəkildə həyata
keçirilməsindən məmnunluq duyduğunu bildirən xüsusi nümayəndə
diqqətə çatdırıb ki, ikitərəfli yüksəksəviyyəli təmaslar cari ildə
də davam edir.

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Sun
Lincian “Kəmər və yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın səmərəli
nəticələr verdiyini vurğulayıb, ilin birinci rübündə ikitərəfli
ticarət dövriyyəsinin 30 faizdən çox artdığını deyib.

“Çin tərəfi dövlət başçılarımız tərəfindən əldə olunmuş mühüm
konsensusu əsas prinsip kimi rəhbər tutaraq, ənənəvi dostluğumuzu
yeniləmək, qarşılıqlı siyasi etimadı möhkəmləndirmək, qarşılıqlı
faydalı əməkdaşlığı dərinləşdirmək və beynəlxalq koordinasiyanı
gücləndirmək üçün Azərbaycanla birgə çalışmağa hazırdır. Bununla da
Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının yüksək səviyyədə
davamlı inkişafına təkan verəcəyik”, – deyə Çin rəsmisi
bildirib.

Sonra Azərbaycan musiqiçilərinin çıxışları olub.