Qlobal Cənubun QHT Platforması beynəlxalq həmrəylik platformasına çevrilib – Aygün Əliyeva

Baş səhifə

Bakı. Trend:

Bakıda yaradılan Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları
Platforması bir il ərzində coğrafi və siyasi fərqləri aşan
beynəlxalq həmrəylik platformasına çevrilib.

Trend xəbər verir
ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün
Əliyeva “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT
Platformasının I Baş Assambleyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən bu görüş ümumi iradənin,
qarşılıqlı etimadın və Qlobal Cənubun güclənən səsinin canlı
təzahürüdür. O vurğulayıb ki, Azərbaycan tarixən Qlobal Cənub
ölkələri arasında körpü rolunu oynayıb və Bakı bu missiyanı
beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi davam etdirir.




Həmçinin qeyd olunub ki, qarşıdan gələn Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyası çərçivəsində ilk dəfə Qlobal Cənub
QHT-lərinin vahid pavilyonu formalaşdırılıb və UN-Habitat
təşkilatının dəstəyi ilə ayrıca sərgi zonası yaradılıb.

“Digər mühüm yenilik isə 19 mayda keçiriləcək QHT Forumu olacaq.
WUF13 tarixində ilk dəfə təşkil olunan bu forum şəhərsalma və
dayanıqlı inkişaf məsələlərində vətəndaş cəmiyyətinin qlobal
tərəfdaş kimi rolunun gücləndirilməsinə töhfə verəcək”, – deyə o
bildirib.