
Bakının mərkəzi piyada zonalarında ictimai məkanların insanlar üçün daha da əlçatan olması istiqamətində mühüm addım atılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-a verilən məlumata görə, mərkəzdə piyadayönümlü mühitin inkişafı məqsədilə ödənişsiz şatllar (mikroavtobuslar) istifadəyə verilib.
Yeni layihə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərdə yerləşən ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığı təmin etmək məqsədi daşıyır.
Ziyarətçilərin rahat və operativ hərəkətini təmin etmək üçün ilkin mərhələdə iki marşrut xətti müəyyən edilib:
C1 nömrəli şatl: Xaqani bağı (keçmiş Molokan bağı) ilə Zərifə Əliyeva küçəsinin sonunu əlaqələndirir.
C2 nömrəli şatl: Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonu arasında hərəkət edir.
Ödənişsiz mikroavtobuslar sərnişinlərin vaxt itkisinin qarşısını almaq üçün 7-10 dəqiqə hərəkət intervalı ilə işləyir. Şatllar bu mərhələdə yalnız həftəsonları və bayram günləri saat 12:00-dan gecə 00:00-dək xidmət göstərəcək.
AYNA-dan bildirilib ki, istifadəyə verilən bu şatllar tamamilə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir. Yenilik paytaxtda dayanıqlı mobillik prinsiplərinin təşviqinə xidmət etməklə yanaşı, Bakı sakinlərinin və şəhərin qonaqlarının piyada zonalarında daha rahat hərəkət etməsinə əlavə imkanlar yaradır.

