
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin əməkdaşlarının elektron poçt hesabları haker hücumuna məruz qalıb, əldə edilən məlumatlar isə satışa çıxarılıb.
Bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, hakerlər nazirlik əməkdaşlarının hökumət sistemində istifadə etdikləri hesab və parolları ələ keçiriblər.
Sızdırılan məlumatlar arasında Böyük Britaniyanın Tailand və Mavrikidəki səfirliklərində çalışan diplomatların hesabları da var.
Bundan əlavə, Derbişir qraflığı və Londonun Uoltem-Forest rayonundakı bələdiyyə əməkdaşlarının hesablarına da giriş əldə olunub.
Qəzetin yazdığına görə, oğurlanmış məlumatlar “darknet”də 60 min ABŞ dollarına satışa çıxarılıb.

