Ukraynada SOCAR yanacaqdoldurma kompleksinə dron hücumu edilib

Baş səhifə

Bakı. Trend:

Ukraynada SOCAR-a məxsus obyektə pilotsuz uçuş aparatları (PUA)
zərbə endirib.

Bu barədə SOCAR Energy Ukraine şirkətinin açıqlamasında
bildirilib.

Məlumata görə, üç “Şahed” tipli hücum dronları SOCAR-ın
Nikolayev vilayətinin Neçayane kəndindəki obyektinə zərbə endirib.
Hücum nəticəsində yanacaqdoldurma kompleksinə ziyan dəyib.




Şirkətdən bildirilib ki, hava hücumu zamanı işçilər sığınacaqda
olduqları üçün heç bir itki qeydə alınmayıb.

SOCAR həmçinin qeyd edib ki, şəbəkə Ukraynadakı bir sıra
yanacaqdoldurma məntəqələrində təcili yardım sığınacaqları
quraşdırıb. Şirkətin məlumatına görə, bu sığınacaqlar Odessa,
Nikolayev, Jitomir, Lvov, Rovno, Çerkassı və Dnepropetrovsk
vilayətlərində yerləşir və SOCAR mobil tətbiqində qeyd olunub.