
Bakı.Trend:
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Fərhad
Abdullayevin sədrliyi ilə Azərbaycan Prokurorluğunun sorğusu
əsasında mühüm qərar qəbul edilib.
Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən verilən məlumata
görə, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu
əsasında Azərbaycan Respublikası Konstitusiyasının 132-ci
maddəsinin I hissəsi baxımından Cinayət-Prosessual Məcəlləsinin
420-ci maddəsinin həmin Məcəllənin 65.1, 142.1 və 397-ci maddələri
ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə
baxılıb.
Plenum iş üzrə hakim F.Tutayukun məruzəsini, Azərbaycan
Respublikası Prokurorluğunun sorğusunu, Milli Məclis Aparatının
mülahizəsini, həmçinin Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi,
Sumqayıt Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi,
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və
Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis
rəylərini, eləcə də ekspert, Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri
doktoru M.Qəfərovun rəyini araşdıraraq qərar qəbul edib.
Qərara əsasən, Konstitusiyanın 60-cı, 131-ci və 132-ci
maddələri, həmçinin hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla
Cinayət-Prosessual Məcəlləsinin 397 və 420-ci maddələrinin tətbiqi
zamanı bir sıra hüquqi yanaşmalar rəhbər tutulmalıdır.
Belə ki, apellyasiya instansiyası məhkəməsinin hökmü və ya
qərarı qismən ləğv edilərək iş yeni apellyasiya baxışına
göndərildiyi halda, yeni baxış yalnız kassasiya instansiyası
məhkəməsinin ləğv etdiyi hissə üzrə aparılmalıdır.
Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin hökmü və ya
qərarı kassasiya qaydasında tam və ya qismən ləğv edilərsə, yeni
apellyasiya baxışı zamanı Cinayət-Prosessual Məcəlləsinin 397 və
420-ci maddələri ilə yanaşı, kassasiya instansiyasının Məcəllənin
416, 419.1, 419.11 və 419.12-ci maddələrində nəzərdə tutulan hədlər
çərçivəsində verdiyi əsaslandırılmış göstərişlər də nəzərə
alınmalıdır.
Plenum həmçinin müəyyən edib ki, Cinayət-Prosessual Məcəlləsinin
397.5-ci maddəsinin tətbiq dairəsi yalnız əməlin hüquqi tövsifi ilə
bağlı məsələlərlə məhdudlaşmır.
Qərarda hüquqi müəyyənlik, prosessual qənaət, səmərəlilik və
ədalətli məhkəmə araşdırması prinsipləri nəzərə alınaraq,
Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulan
kassasiya şikayəti və kassasiya protestinin verilməsi müddətlərinin
optimallaşdırılması məqsədilə qanunvericiliyin
təkmilləşdirilməsinin Milli Məclisə tövsiyə edilməsi də əksini
tapıb.
Konstitusiya Məhkəməsinin qərarı dərc edildiyi gündən qüvvəyə
minir, qətidir və heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna,
dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

