Nizami Tibb Mərkəzinə və Respublika Dəri-Zöhrəvi Mərkəzinə
direktor müavinləri təyin ediliblər.
Trend xəbər verir
ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)
məlumat yayıb.
Bildirilib ki, Nizami Tibb Mərkəzinə direktor müavini, doğum
evinin rəhbəri vəzifəsinə Tibb elmləri doktoru, professor Fərəh
Afad qızı Qaraqurbanlı təyin edilib.

F.Qaraqurbanlıya 1997-ci ildə Azərbaycan Respublikasında tibb
elmləri namizədi alimlik dərəcəsi, 2004-cü ildə Rusiya Federasiyası
Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri doktoru,
2006-cı ildə Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri
doktoru alimlik dərəcəsi, 2024-cü ildə isə professor elmi adı
verilib.
1991-1999-cu illərdə bir sıra dövlət tibb müəssisələrində
həkim-mama-ginekoloq, 1999-2004-cü illərdə 5 nömrəli Kliniki Doğum
Evinin Hamiləliyin patologiya şöbəsinin müdiri, 2004-2008-ci
illərdə 5 nömrəli Kliniki Doğum Evinin baş həkimi vəzifəsində
çalışıb.
2004-2010-cu illərdə Odlar Yurdu Universitetinin Tibb
fakültəsinin müəllimi kimi əmək fəaliyyətinə davam edib.
2008-ci ildən hazırkı təyinatınadək Səhiyyə Nazirliyinin İctimai
Səhiyyə və İslahatlar Mərkəzində və “Baku Medical Plaza”da
həkim-mama-ginekoloq, həmçinin 2018-ci ildən Azərbaycan Dillər
Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları
kafedrasında müəllim vəzifəsində çalışıb.
O, 109-dan çox elmi-tədqiqat işinə rəsmi opponentlik edib, 97
elmi əsərin, o cümlədən 3 monoqrafiyanın və 2 dərsliyin
müəllifidir.
Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim
vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Mənsur qızı Əhmədova
təyin olunub.

R.Əhmədova 1988-1994-cü illərdə Azərbaycan Tibb Universitetini
bitirdikdən sonra, 1994-1995-ci illərdə Respublika Dəri-Zöhrəvi
Dispanserində internatura təhsili alıb, 2016-cı ildə tibb üzrə
fəlsəfə doktoru elmi dərəcəsini alıb.
1997-1999-cu illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində
həkim, 1999-2020-ci illərdə Serologiya şöbəsinin müdiri vəzifəsində
çalışıb.
2020-ci ildən hazırkı təyinatına qədər Respublika Dəri-Zöhrəvi
Mərkəzinin Laboratoriya şöbəsinin müdiri olub.

