Vens prezidentliyə namizəd olsa, Rubio geri çəkiləcək

Baş səhifə

ABŞ dövlət katibi Marko Rubio əgər hazırkı vitse-prezident Cey Di Vens 2028-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq niyyətini açıqlasa, həmin vəzifə uğrunda mübarizə aparmayacaq.

Modern.az xəbər verir ki, bu barədə dövlət katibinə yaxın mənbələrə istinadən “Associated Press” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Rubio müşavirləri və köməkçiləri ilə söhbətlərində dəfələrlə Vensə yol vermək niyyətində olduğunu bildirib. “Associated Press” qeyd edir ki, son aylarda dövlət katibi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifələrini tutan Rubio administrasiyadakı təsirini xeyli gücləndirib və Ağ Evin Milli Təhlükəsizlik Şurasında əsas vəzifələrə öz tərəfdarlarını təyin edib.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trump Fortune jurnalına müsahibəsində 2028-ci ildə mümkün varisi ilə bağlı suala birbaşa cavab verməkdən yayınmışdı.

Amerika KİV-ləri Rubionu və Vensi tez-tez Respublikaçılar Partiyasının əsas namizədləri kimi göstərir və onların növbəti prezident seçkilərində prezident postu uğrunda yarışa biləcəyini vurğulayırlar.