
Rixard Raşinin bu səfəri Azərbaycan və Slovakiya arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə birgə mətbuat konfransında deyib.
“Bu gün apardığımız müzakirələrdə parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi ilə bağlı ortaq fikrə sahibik”, – Sahibə Qafarova bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Milli Məclisin sədri ölkələr arasında iqtisadi, ticari, enerji, müdafiə sənayesində əməkdaşlığın inkişaf etdiyini, humanitar sahədə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulayıb.
Sahibə Qafarova bu gün parlamentlər arasında əməkdaşlığa dair imzalanan Anlaşma Memorandumuna diqqət çəkərək, bu sənədin parlamentlər arasında daha çox əməkdaşlığa yol açacağını qeyd edib.
“Digər tərəfdən, Slovakiya parlamentinin nümayəndə heyəti Ağdamın Baş Qərvənd kəndini də ziyarət edəcək. Bilirsiniz ki, bu kəndin tikintisi Slovakiya şirkətləri tərəfindən həyata keçirilir. Biz Qarabağın yenidən qurulmasında Slovakiyanın Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Bu kənd işğaldan azad olunmuş torpaqlarda Azərbaycan-Slovakiya dostluğunun bir nümunəsi olacaq”, – Milli Məclisin sədri əlavə edib.


