Azərbaycanda qadınların pensiya yaşı artırıldı

Baş səhifə

Bakı. Trend:

Bu gündən Azərbaycanda qadınların pensiyaya çıxma yaş həddi
artırılıb.

Trend-in
məlumatına görə, 2026-cı il iyulun 1-dən etibarən qadınların
pensiya yaşı 6 ay artırılaraq 65 ilə çatdırılıb.

Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların
pensiyaya çıxma yaş həddi 2017-ci il iyulun 1-dən 2027-ci il iyulun
1-dək, kişilərin yaş həddi isə 2017-ci il iyulun 1-dən 2021-ci il
iyulun 1-dək hər il 6 ay artırılaraq aşağıdakı qaydada
müəyyənləşdirilir:

Dövr

Kişilər üzrə pensiya yaşı

Qadınlar üzrə pensiya yaşı

1 iyul 2017 – 30 iyun 2018

63 il 6 ay

60 il 6 ay

1 iyul 2018 – 30 iyun 2019

64 il

61 il

1 iyul 2019 – 30 iyun 2020

64 il 6 ay

61 il 6 ay

1 iyul 2020 – 30 iyun 2021

65 il

62 il

1 iyul 2021 – 30 iyun 2022

65 il

62 il 6 ay

1 iyul 2022 – 30 iyun 2023

65 il

63 il

1 iyul 2023 – 30 iyun 2024

65 il

63 il 6 ay

1 iyul 2024 – 30 iyun 2025

65 il

64 il

1 iyul 2025 – 30 iyun 2026

65 il

64 il 6 ay

1 iyul 2026 və sonra

65 il

65 il

Həmin qanuna görə, pensiya yaşına çatmış şəxsin fərdi hesabın
sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının
minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə
sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan
vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun
1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna
olmaqla) yaşa görə əmək pensiyası hüququ var.




Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək
pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında”
Qanuna əsasən, əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa
görə sosial müavinət (2023-ci ilin yanvarın 1-dən 220 manat) almaq
hüququ var.

Sığorta göstəricilərinə əsasən, fərdi hesabında toplanmış
pensiya kapitalına uyğun olaraq pensiyanın məbləği müəyyən edilir.
Hazırda minimum pensiyanın məbləği 320 manat təşkil edir. Yaşa görə
əmək pensiyası ömürlük təyin edilir.

Xatırladaq ki, qadınların pensiya yaşı sonuncu dəfə ötən il –
2025-cü il iyulun 1-dən 6 ay artırılaraq 64 il 6 ay edilib. Bu
göstərici 30 iyun 2026-cı ilədək keçərli idi.